Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rasim Məmmədov: “Dörd tərəfdən kamera çəkən zirehli maşında gəzirdim”
Rasim Məmmədov: “Dörd tərəfdən kamera çəkən zirehli maşında gəzirdim”

“Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədov məhkəmədə onun əleyhinə ifadə vermiş keçmiş dostu Yusif Hənifəzadə haqqında Maştağadakı psixiatriya xəstəxanasına sorğu verilməsini istəyir.

Bizimyol.info xəbər verir ki, Rasim Məmmədov öz məhkəməsində bu məsələni qaldırıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə baxılır.

Oktyabrın 21-də keçirilən məhkəmə iclasında Rasim Məmmədovun vəkilləri onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil Zibeydə Sadıqova bildirib ki, Rasim Məmmədov haqqında həbs qətimkan tədbiri seçilərkən göstərilən əsaslar aradan qalxıb. Vəkilin sözlərinə görə, Rasim Məmmədov iqtisadi cinayətlərdə ittiham olunur. O, 2021-ci il yanvarın 28-də öz kabinetindən avtomobilə mindirilərək, DTX-ya gətirilib və şübhəli şəxs qismində saxlanılıb.

Məhkəmə Rasim Məmmədovun ev dustaqlığına buraxılması haqda vəsatəti təmin etməyib.

Məhkəmədə Rasim Məmmədovun dostu olmuş Mehman Hüseynovun istintaqa ifadəsi elan olunub. Mehman Hüseynov istintaqda dindiriləndən bir müddət sonra vəfat edib. Rasim Məmmədov iddia edir ki, baş verənlərə görə onun ürəyi partlayıb.

Onun istintaqa ifadəsində yazılıb ki, Rasim Məmmədovla eyni məktəbdə təhsil alıblar, o vaxtdan bir-birini tanıyırlar. Sonralar o, avtomobil təmiri sexində işləyirdi, Rasim Məmmədov atasının “QAZ-24” markalı avtomobilini təmir üçün onun yanına gətirirdi: “Rasim Məmmədov mənə təklif elədi ki, Baku Oxford məktəbinin tikintisinə nəzarət edim. Əvvəl 900 manat, sonralar 3000 manat maaş verirdi”.

Rasim Məmmədova “Royal Steel” şirkətilə bağlı da ittiham verilib. İddia olunur ki, bir sıra başqa şirkətlər kimi, “Royal Steel”ə də armatur bazar qiymətindən ucuz satılıb, bununla da “Baku Steel Company”ə ziyan vurulub. “Royal Steel” şirkətinin Rasim Məmmədova məxsus olduğu iddia edilir.

Lakin sənədlərdə həmin şirkətin təsisçisi mərhum Mehman Hüseynovdur. Onun istintaqa ifadəsində bu məsələdən də bəhs olunur.

“baku Steel Company”də Rasim Məmmədovun müşaviri işləmiş Çingiz Həsənov da onlarla eyni məktəbdə təhsil alıb.

Mehman Hüseynov ifadəsində bildirib ki, “Royal Steel” MMC-nin onun adına açılması təklifi Çingiz Həsənovdan gəlib: “Çingiz dedi ki, Rasim şirkət açır, şirkətin hüquqi ünvanı sənin ünvanın olsun. Mən də şəxsiyyət vəsiqəmi verdim. Şirkətin bnecə fəaliyyət göstərməsindən xəbərim olmayıb. Bilirdim ki, metallurgiya işi ilə məşğuldur. Mən o şirkətlə bağlı yalnız sənədlərə imza atmışam. Mühasib Tamara sənədləri gətirirdi, mən də imzalayırdım”.

Mərhum Mehman Hüseynov əlavə edib ki, bu şirkətin 1 milyon 150 min gəliri olub.

Rasim Məmmədov bu ifadədə yazılanlara etiraz edib, həmin şirkətin ona aidiyyəti olmadığını deyib.

Rasim Məmmədov ona “Terra” şirkətilə bağlı verilmiş ittihama da münasibət bildirib. Onun sözlərinə görə, isveçrəli vəkilləri şirkətə sorğu göndərib və cavab alıb ki, cəmi 6 milyon qazanc olub: “Amma ittihamda 60 milyon yazılıb. “Terra”ya məhkəmə olaraq, niyə sorğu göndərmirsiniz? O şirkətin 25 faizi mənimdir, qalan 75 faizi də bilinir kimindir. Mən bu haqda danışmaq istəmirəm. Heç bu, mənə lazım da deyil”.

Rasim Məmmədovun keçmiş dostu Yusif Hənifəzadə ötən məhkəmə iclasında dindiriləndə keçmiş zavod rəhbərinin ünvanına bir sıra ittihamlar səsləndirmişdi. O bildirmişdi ki, Rasim Məmmədov “yuxarılara” “Baku Steel Company”nin qazancından göndərdiyini deməklə yalan danışır. 2020-ci ildə Rasim Məmmədov zavoddan “yuxarıya vermək” adıyla 350 min manat götürüb gedəndə onu izləyib və birbaşa evinə getdiyini, həmin pulu başqasına vermədiyini görüb. Bundan sonra əmin olub ki, “yuxarıya” pul verilmir.

Yusif Hənifəzadə deyirdi ki, Rasim Məmmədov “Baku Steel Company”nin məhdullarını ucuz satmaq üçün müxtəlif şirkətlər yaradıb. Həmin şirkətlər məhsulu ucuz alıb, daha baha qiymətə satırdı, beləliklə də “Baku Steel Company”ə ziyan dəyirdi: “Biz “Baku Steel Company”ni almaq üçün Londona gedəndə tez-tələsik orada “Royal Company”ni yaratdı”.

Rasim Məmmədov keçmiş dostunun ötən məhkəmə iclasında dediklərinə münasibət bildirərkən məhkəmədən Yusif Hənifəzadə haqqında Maştağadakı Psixiatriya xəstəxanasına sorğu göndərilməsini istəyib: “Əgər o adamın orada qeydiyyatda olması təsdiqlənməsə, mənə 20 il verin, razıyam”.

O vurğulayıb ki, Yusif Hənifəzadənin onu avtomobillə izləməsi, Bakı sirkinin yanındakı evinə getdiyini görməsi haqda dedikləri yalandır: “Mən 2019-cu ildən o evdə yaşamıram, 2020-ci ildə məni necə görə bilərdi? Deyir ki, “Baku Steel Company”ə aidiyyəti olmayıb. Halbuki, onun Mübarizinin (maliyyə direktoru olmuş Mübariz Səmədov əvvəllər “Bakcell”in satış departamentində Yusif Hənifəzadə ilə birlikdə işləyib) pulların hara getməsi haqda istintaqa təqdim etdiyi flaşkartdan da görünür ki, Yusif Hənifəzadə “Baku Steel Company”dən ayda 50 min manat maaş alıb. Mənim qardaşım Süleyman Məmmədov zavodun baş direktoru idi, ayda 10 min manat maaş alırdı, o isə 50 min. Necə olur, Yusifi DTX-ya 5 dəfə çağırıb dindirirlər, qardaşımı isə bir dəfə də çağırmırlar? Yusifin işi “obnaliçka” ilə məşğul olmaq idi. Bütün Bakı onu “obnaliçka Yusif” kimi tanıyır.

Rasim Məmmədov əlavə edib ki, onun istifadə etdiyi avtomobil zirehli idi, 4 tərəfdən kamera ilə çəkiliş vardı. Əgər Yusif Hənifəzadə onu izləsəydi, bunu dərhal bilərdi: “Gəlib burada gözümün içinə baxa-baxa yalan danışır”.

Məhkəmə prosesi davam edir.

Rasim Məmmədov “Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunur. O, özünü təqsirli bilmir. Deyir ki, onu öz pulu ilə aldığı, özünə məxsus zavoddan pul mənimsəməkdə ittiham edirlər, bu da absurddur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »