Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
85 milyon manatdan “Yuxarı-1”, “Yuxarı-2” və digər kod adlara nə çatıb?
85 milyon manatdan “Yuxarı-1”, “Yuxarı-2” və digər kod adlara nə çatıb?

“Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, 185 milyon manatlıq mənimsəmədə ittiham olunan iş adamı Rasim Məmmədovun məhkəməsi davam edir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, Rasim Məmmədov 185 milyonluq yeyintinin bir hissəsini “Azeristeel-2009” şirkəti vasitəsilə həyata keçirməkdə ittiham olunur. İttihama görə, “Azeristeel” başqasının adına rəsmiləşdirilsə də, əslində, Rasim Məmmədovun olub. O, “Baku Steel Company”nin istehsal etdiyi armaturları bazar dəyərindən xeyli ucuz qiymətə öz şirkətinə verib. Bu şirkət isə üstünə pul qoyaraq, həmin armaturları daha baha qiymətə müştərilərə satıb. Nəticədə “Baku Steel Company”ə onmilyonlarla ziyan vurub.

Sentyabrın 30-da Rasim Məmmədovun məhkəməsində şahidlər dindirilib. Dindirmə zamanı məlum olub ki, “Azeristeel-2009” şirkətinin rəsmi rəhbəri olan şəxsin heç nədən xəbəri yoxdur. O, aylıq 500 manat müqabilində adının rəsmi sənədlərdə təsisçi kimi getməsinə razılıq verib.

2013-cü ildə şirkət Əliməmməd Hüseynov adlı şəxsin adına yaradılıb: “Dedilər ki, Rasim müəllimin şirkətidir, sənin adına açılsın, sənə 500 manat veriləcək. Razılaşdım, çünki dolanışıq üçün pula ehtiyacım vardı. Ayda 500 manat verirdilər. Mən ayda 1-2 dəfə şirkətə gedirdim, orada verilən sənədləri imzalayırdım. Hərdən vergi orqanına da gedirdim, orada da hansısa sənədlərə qol çəkirdim”. Əliməmməd Hüseynov onu da bildirib ki, Rasim Məmmədovun dostu Yusif Əhmədzadə onun da uşaqlıq dostu olub. Rasim Məmmədovgili də onun vasitəsilə tanıyıb.

Əliməmməd Hüseynovun sözlərinə görə, Rasim Məmmədovu bir dəfə - “Xətai”dəki ofisdə yığıncaqda görüb.

Rasim Məmmədov “Azeristeel” şirkətinin ona məxsus olması barədə deyilənləri təkzib edib.

Məhkəmədə “Baku Steel Company”, eləcə də “Azeristeel”də maliyyə məsələlərinə nəzarət edən Mübariz Səmədov da dindirilib. O bildirib ki, Rasim Məmmədov həbs olunmamışdan iki ay əvvəl onu DTX-ya çağırıblar. O, DTX-ya getməmişdən əvvəl Rasim Məmmədov və digərlərilə görüşüb: “Azeritteel”ə getdim, Rasim, Çingiz, Yusif otaqdaydı. Dedim ki, məni DTX-ya çağırıblar, bu “Azeri Steel” kimindir, orada nə deyəcəm? Hamısı bir-birinin üzünə baxdı, heç kimdən səs çıxmadı”.

Məhkəmə zalında şüşə kabinədə olan Rasim Məmmədov yerindən bu məsələyə münasibət bildirib: “Qorxduq deməyə də...”

Mübariz Səmədov ifadəsində bildirib ki, DTX-dan çıxandan sonra “Azeristeel”in ofisinə gəlib, şirkətin 10 illik hesabatıyla bağlı bütün məlumatları iki flaşkarta yığıb. Həmin flaşkartları özündə saxlayıb. Rasim Məmmədov həbs olunan ərəfədə onu yenə DTX-ya aparıblar. Həmin gün Rasim Məmmədova yaxın olan başqa adamlar da DTX-da olub. Digərlərini buraxsalar da, onu səhərə qədər saxlayıblar. Onun sözlərinə görə, təzyiq altında evində axtarış aparılmasına etiraz etməməsi haqda ərizəyə qol çəkdirib, axtarış üçün evinə gediblər: “Birlikdə evimizə getdik, qapıya çatanda dedilər ki, evin altını-üstünə çevirib özümüz tapaq, yoxsa öz xoşunla verirsən? Mən də həmin flaşkartları onlara verdim. Həmin flaşkartda 10 ildə 92 milyon manat haralara gedib, hamısı qeyd olunmuşdu. O 92 milyon manatdan işçilərin maaşı və zavodun digər xərclərini çıxanda 85 milyon gəlir qalır. O 85 milyon manatdan da kimə nə qədər verilib, bunlar kod adları altında qeyd olunmub. Məsələn, şirkətin bəzi işçilərinin Dubayda istirahət xərclərindən tutmuş, “Yuxarı-1”, “Yuxarı-2” kod adlara verilən pullara qədər...”

Rasim Məmmədov yerindən əlavə edərək deyib: “O “Yuxarı” mən olmamışam”.

“Baku Steel Company”, “Azeristeel” şirkətlərində satış meneceri işləmiş Samir Məmmədov da məhkəmədə dindirilib. O bildirib ki, armatur satışıyla məşğul olub. Onun sözlərinə görə, “Azeri Steel” müştəridən sifarişi götürür, ona uyğun “Baku Steel Company”dən armatur alıb, müştəriyə çatdırırdı: “Azeri Steel” şirkətində satışdan gələn vəsait toplanırdı. Mübariz müəllim pulu hara, kimə deyirdisə, ora da verirdim. Zavodun öz xərcləri olurdu, mala da verilirdi. Rasim Məmmədova da pul verdiyim hallar olub. Özünə də vermişəm, köməkçisinə verirdim. 100 min, 200 min... Müxtəlif məbləğlərdə pul aparıb vermişəm”.

O, məhkəmədə Rasim Məmmədova çatan pulların hara xərcləndiyini bilmədiyini deyib. İstintaqa ifadəsində isə deyib ki, “Azeri Steel” şirkətinin kassasında 39 milyondan çox çatışmazlıq olmuşdu. Çünki o vəsaitlərin bir hissəsi Rasim Məmmədovun xərclərinə getmişdi. Məsələn, 1 milyon “Şüşəli bazar”ın yanında (“Elmlər Akademiyası”nın yaxınlığı) torpaq sahəsi alınmasına; 1.5 milyonu Qutqaşenli küçəsində tikintiyə icazə almağa; Sabunçu bazarının yanında ərazi almağa; Rasim Məmmədovun başqa şirkətlərinə, o cümlədən “Aktau Steel”ə...

Təqsirləndirilən Məmmədov onun yalan danışdığını, əleyhinə saxta şahidlərdən istifadə olunduğunu iddia edir.

“Bir dəfə tanıdığım Cəfəri direktor təyin eləmişdim, heç iki ay keçmədi, zəng gəldi ki, “çıxar onu”. Mən də çıxartdım. Mənim olmayanı deyirlər ki, sənindir. Mən bu ölkədə bir adamla işləmişəm, bundan sonra da işləyəcəm. Heç kim mənə tapşırıq verə bilməzdi...”, - Rasim Məmmədov bildirib.

“Baku Steel Company”də metal qəbulu işlərinə baxan işçilər də məhkəmədə şahid kimi dindirilib.

Rasim Məmmədov şirkətdə xüsusi səlahiyyəti olmayan, bir çox məsələlərdən məlumatsız adamların dindirilməsinə etiraz edib: “Sıravi işçi hardan bilsin ki, Rövnəq Abdullayev, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib?”

Məhkəmə prosesi oktyabrın 3-də davam edəcək.

46 yaşlı Rasim Məmmədov 2021-ci ilin yanvarında DTX əməkdaşları tərəfindən tutulub. O, “Baku Steel Company”nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin 185 milyon manat pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »