Metronun “Nizami” stansiyasının yaxınlığında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında ucalan heykəlin Cəfər Cabbarlının “Sevil”i ilə bağlı olmasını düşünənlər çoxdur. Həqiqət başqa cürdür. Heykəl 1933-cü ildə qətlə yetirilən tikiş fabrikinin işçisi Səriyyə Xəlilovanın şəninə ucaldılıb. Onu həmin ilin yanvarında qardaşı Ələkbər öldürmüşdü.
Bizimyol.info xəbər verir ki, Səriyyənin valideynləri Şamaxıdan Bakıya köçmüş ailələrdən olub. O, 1897-ci ildə paytaxtda doğulub. Üç qardaşın bacısı olub. Səriyyənin atası yas məclislərində mollalıq edirmiş. SSRİ-nin ilk illərində bu məsələ hökumətdə qıcıq yaradırdı. Amma Səriyyənin atası mollalıqdan əl çəkməzmiş.
Ailənin qız övladının çadranı atması evdə böyük qalmaqala səbəb olur. Qardaşlar – Soltanəhməd, Ağamehdi və Ələkbər buna görə camaat arasına çıxa bilmədiklərini deyir. Səriyyə söylənilənlərə məhəl qoymur. Tezliklə onu küçədə şalvarda, köynəkdə görürlər. Bacısının davranışındakı müasirlik tərzinə kiçik qardaş Ələkbər dözə bilmir. Şahidlərdən birinin dediyinə görə, Səriyyə öldürüləndə əynində idman kostyumu olub.
Ələkbər həbs olunur. Qısa müddətdə Səriyyənin atası da saxlanılır. Məsələnin bu tərəfi ilə bağlı mübahisə çoxdur. Həm atanın qətldə əli olduğunu, həm də yaşlı adamın oğlunu xilas etmək üçün cinayəti üzərinə götürdüyünü deyənlər var. Bir şey aydındır ki, Səriyyənin atası da qızının çadranı ataraq müasir tərzdə geyinməsinin əleyhinə olub.
Qadının dəfni çox izdihamlı keçib. Şəhərdə üsyan ab-havası yaşanıb. Moskvaya cinayətdə əli olanlarla bağlı ölüm hökmü çıxarılması üçün məktublar göndərilib. Bunun nəticəsi olub. Ata haqqında ölüm hökmü çıxarılıb, sonradan onu güllələyiblər. Ələkbər 10 il azadlıqdan məhrum edilib.
Qətldən bir il sonra Səriyyə Xəlilovaya “İsmət” filmi həsr olunub. Rejissor Mikayıl Mikayılov azadlıq uğrunda mübarizə aparan ümumiləşdirmiş qadın obrazına müraciət etdiyini deyirdi. Müəllifin qəhrəmanı təyyarəçi olur. Mikayıl Mikayılov bunun rəmzi məna daşıdığını bildirmişdi: “Bu, həm kino üçün yeni əlverişli sahə, həm də simvolik mənada yüksəklərə ucalmağa səy edən Azərbaycan qadınları üçün xarakterik idi”.
“Azad qadın” heykəli 1960-cı ildə ucaldılıb. Maraqlıdır ki, heykəltəraş Fuad Əbdürrəhmanov prototip kimi həyat yoldaşını seçib. Yəni heykəldəki obraz daha çox Xanım Əbdürrəhmanovaya bənzəyir. Müəllif heç vaxt Cəfər Cabbarlının qəhrəmanını nümunə götürdüyünü dilə gətirməyib. Amma onun Səriyyə Xəlilova müsibətindən təsirləndiyi sirr deyil.
Aytən, Bizimyol.info






