Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elşad Musayev: "Almaniya Ermənistanla Azərbaycan arasında sülhün davamında maraqlıdır"
Elşad Musayev: "Almaniya Ermənistanla Azərbaycan arasında sülhün davamında maraqlıdır"

Ermənistanın baş naziri Nikol Paşinyanla Almaniya kansleri Fridrix Merts arasında keçirilən telefon danışığında Azərbaycan-Ermənistan sülh prosesi əsas müzakirə mövzularından biri olub. Tərəflər Cənubi Qafqazda sabit və davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulamaqla yanaşı, Ermənistan–Almaniya münasibətləri və Ermənistan–Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivlərini də nəzərdən keçiriblər. Danışıq Almaniyanın regiondakı proseslərə və sülh gündəminə marağının davam etdiyini göstərən növbəti diplomatik təmas kimi qiymətləndirilir.

  • Almaniyanın Ermənistanla təmaslarını intensivləşdirməsi və sülh prosesinə verdiyi dəstək Azərbaycan-Ermənistan danışıqlarının gələcək mərhələsinə hansı real təsirləri göstərə bilər?

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı iki ölkə arasında əməkdaşlığın gələcək inkişafı baxımından mühüm məsələlər müzakirə olunub.

Onun sözlərinə görə, əsas diqqət Azərbaycan ilə Almaniya arasında enerji resurslarının çatdırılması və enerji sahəsində iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə yönəlib.

Deputat bildirib ki, Almaniya həm Avropanın, həm də dünyanın ən strateji və iqtisadi cəhətdən ən güclü dövlətlərindən biridir.

“Rusiya ilə Almaniya arasında enerji sahəsində mövcud olan iqtisadi əlaqələrin pozulmasından sonra Berlin alternativ enerji mənbələri axtarmağa məcbur olub. Bu baxımdan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanla əməkdaşlığın genişləndirilməsi məhz həmin zərurətdən irəli gəlir.

Almaniyanın Cənubi Qafqazda da mühüm maraqları mövcuddur. Almaniyanın Ermənistanla normal münasibətləri var və bu, yeni məsələ deyil”-deyə o bildirib.

Deputat xatırladıb ki, hələ 1997–1998-ci illərdə Almaniya ilə Ermənistan arasında təxminən 60 birgə müəssisə fəaliyyət göstərirdi. Bu baxımdan regionda təhlükəsizliyin və sabitliyin təmin olunması Almaniyanın iqtisadi maraqlarına da uyğundur.

Deputatın sözlərinə görə, məhz buna görə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması Almaniyanın maraqlarına cavab verir.

O əlavə edib ki, bu, təkcə Almaniyanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin marağındadır. Xüsusilə Almaniya əməkdaşlıq etdiyi ölkələr arasında davamlı sülhün və sabitliyin olmasında maraqlıdır.

“Ermənistanın Baş naziri ilə Almaniya Kansleri arasında keçirilən görüşdə də əsas müzakirə mövzularından biri Azərbaycan-Ermənistan sülh prosesi olub. Bu məsələnin gündəmdə saxlanılması təsadüfi deyil və Almaniya bundan sonrakı mərhələdə də iki ölkə arasında münasibətlərin normal məcrada inkişaf etməsinə, bütün tərəflərin maraqlarına cavab verən sülh prosesinin davam etdirilməsinə dəstək verməyə çalışacaq”-deyə deputat bildirib.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »