Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayeva fala baxmaq adıyla verdiyi 2 milyon manatla bağlı məhkəmə araşdırmaları başa çatıb. Ağarzayevadan fala baxmaq adıyla 2 milyonu almaqda təqsirləndirilən iki nəfərə 21 il həbs cəzası verilib.
Bizimyol.info xəbər verir ki, fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində sözügedən iki nəfərə - Şəfəq İsmiyeva və Ceyhun Zeynallıya hökm oxunub. Hakim Novruz Kərimovun sədrliyilə çıxarılan hökmə əsasən, onlar Cinayət Məcəlləsinin 178.4 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə təqsirli bilinib. Şəfəq İsmiyeva 10 il, Ceyhun Zeynallı isə 11 il azadlıqdan məhrum edilib.
Şəfəq İsmiyeva istintaq və məhkəmə dövründə həbsdə deyildi, onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi. Onun ikinci övladı da məhkəmə gedən dövrdə doğulmuşdu. O, fevralın 21-də hökm elan ediləndən sonra məhkəmə zalında həbs edilib.
Cinayət işinin materiallarında yazılıb ki, Şəfəq İsmiyeva “İnstagram”da səhifə açıb, özünü “Maya” adlı falçı kimi təqdim edərək, bu məqsədlə ona müraciət etmiş Rəna Ağarzayevanı aldadıb. İfadələrə əsasən, Rəna Ağarzayeva pulu fala baxdırmaq, qızının bəxtini açdırmaq, onu özünün istədiyi şəxsə ərə verə bilməkdən ötrü verib.
Şəfəq İsmiyeva özünü təqsirli bilir, pul aldığını da etiraf edir. O, məhkəmədə son sözündə xahiş edib ki, himayəsində iki azyaşlı uşağının olmasını, onlara təkbaşına baxmasını nəzərə alıb, ona həbslə bağlı olmayan cəza verilsin: “Anam xərçəng xəstəliyindən əziyyət çəkir. İndi mən məhkəməyə gələndə uşaqlarımı qonşuya həvalə eləyib gəlmişəm. Atamın 71 yaşı var. Xahiş eləyirəm, mənim haqqımda hökm çıxaranda, bütün bunları nəzərə alasınız. Uşaqlarımın məndən başqa heç kimi yoxdur”.
Ceyhun Zeynallı isə fevralın 21-də - hökm elan edilməmişdən əvvəl son sözündə bildirib ki, təqsirsizdir, heç bir cinayət törətməyib. O vurğulayıb ki, Rəna Ağarzayeva ilə nə telefonla danışıb, nə görüşüb, nə də ondan pul alıb. Onun adını ilk dəfə istintaq zamanı eşidib, üzünü də məhkəmədə görüb.
Ceyhun Zeynallı vurğulayıb ki, bir müddət qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şəfəq İsmiyevanın falçılıq etməsindən, bu cür işlərlə məşğul olmasından da xəbəri olmayıb: “Mənim onunla münasibətim olub. Bu, cinayət deyil. Etiraf edirəm ki, əxlaq normalarından kənar hərəkət olub, səhv eləmişəm. Amma mən heç kimi aldatmamışam, falçılıq, dələduzluq eləməmişəm. Mən məhkəmədən də mərhəmət istəmirəm, ədalət istəyirəm. Mərhəməti o adam istəyər ki, günahı olsun. Axı mən heç bir cinayət törətməmişəm”.
O, bu işin obyektiv, hərətərəfli araşdırılmamasından da narazılıq edib: “Biri deyir, telefonum xarab olub, biri deyir, telefonum suya düşüb. Telefon xarab olsa da, Instagram hesabına daxil olub, Şəfəqlə aralarındakı yazışmalara baxıb həqiqəti ortaya çıxarmaq olardı. Şəfəq İsmiyeva xaricə pullar köçürüb, bu barədə vəsatət verdik. Bu məsələ də araşdırılmadı. bir tərəfdən deyir ki, guya aldığı pulları mənə verib, özünə ancaq çörəkpulu götürüb, digər tərəfdən də zərərçəkmiş tərəflə 500 min manatlıq müqavilə bağlayır. Özünə ancaq çörəkpulu götürən 500 min manatı hardan ödəyəcək?”
Ceyhun Zeynallının yaxınları məhkəmənin hökmündən narazı qalıb. Onlar Rəna Ağarzayevanı ittiham edərək bildiriblər ki, bu iş Kərəm Həsənovun sifarişiylə həll olundu: “Sifarişli iş belə olmalıydı. Kərəm Həsənovun sifarişiylə, onun vəzifəısindən istifadə edib, Ceyhunu 11 il həbsə göndərdiniz. Özün də bilirsən ki, onun heç bir günahı yoxdur. Necə ki onun vəzifəsinin sayəsində qızının bəxtini açdırmaq üçün falçıya 2 milyon verirsən...”
Aytən, Bizimyol.info






