ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasətində hərbi və diplomatik seçimlər arasında çətinlik yaşadığı bildirilir. ABŞ rəsmilərinin xəbərdarlıqlarına görə, uzunmüddətli hərbi əməliyyatlar sursat ehtiyatlarına və strateji məqsədlərə təsir göstərə bilər. Bu səbəbdən Vaşinqtonun İrana qarşı təzyiqi iqtisadi vasitələrlə davam etdirmək variantını nəzərdən keçirdiyi qeyd olunur.
- ABŞ-ın İrana qarşı hərbi strategiyadan iqtisadi təzyiq siyasətinə keçməsi bölgədəki gərginliyə necə təsir edə bilər?
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-ın İrana qarşı müharibəsinin genişlənməsi və uzanması Vaşinqton qarşısında bir sıra ciddi problemlər yaradıb. Silah-sursat ehtiyatlarının nəzərəçarpacaq dərəcədə azalması, hətta raketdən müdafiə sistemlərinin tükənməsi və ehtiyatların kifayət etməməsi hərbi əməliyyatların uğurlu və effektiv aparılmasına imkan vermir.
“Birləşmiş Ştatların Körfəz ölkələrindəki strateji və hərbi obyektlərinin, bazalarının vurulması böyük itkilərə səbəb olur. Senat da əlavə maliyyə yardımı ayırmaqdan imtina edir. Lazımi vəsaitin çatışmazlığı müharibə xərclərinin qarşılanmasında çətinliklər yaradır. Ona görə də Ağ Ev digər variantları nəzərdən keçirmək məcburiyyətində qalıb”, – deyə politoloq bildirib.
O vurğulayıb ki, 8 iyuldan yenidən başlanan müharibə zamanı ABŞ İranın iqtisadi mərkəzlərinə, logistika xətlərinə, neft-qaz sektoruna, bəzi hallarda isə dəniz suyunu şirinləşdirən müəssisələrə zərbələr endirmək taktikası seçib.
“İran həmin bölgələrdəki potensialının əhəmiyyətli hissəsini itirməklə yanaşı, artan iqtisadi təzyiqlərə də məruz qaldı. Üstəlik, ticarət zənciri qırıldı, xaricə məhsul satışı azaldı, idxal-ixrac prosesi pozuldu. Tədricən İran daxili narazılıq və etirazların artdığı bir cəmiyyətə çevrilir. Daxili böhran rejimi sarsıdan faktora çevrilə bilər. Lakin burada təhlükəli məqam ondan ibarətdir ki, İrandakı iqtisadi tənəzzül qonşu ölkələrin iqtisadi, ticarət və sosial həyatında da özünü göstərə bilər. İranın ticarət tərəfdaşları da ziyan çəkəcək”.
Politoloqun fikrincə, Hörmüz boğazının uzun müddət su nəqliyyatı üçün bağlı qalması, müttəfiqi olan Yəmən husilərinin Bab əl-Məndəb boğazını da qeyri-sabit və riskli nəqliyyat marşrutuna çevirməsi dünya iqtisadiyyatında ciddi təlatüm və çalxalanma yarada bilər.
“Belə bir hal beynəlxalq aləmin diqqətini ABŞ-ın atacağı növbəti addımlara yönəldəcək. Bu gün, iyulun 27-də İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda keçirəcəyi qapalı görüşdə Yaxın Şərqlə bağlı müzakirə olunacaq məsələlər sırasında İran mövzusu da olacaq. Bu görüş Yaxın Şərqdəki müharibələrin və gərginliyin gedişatına, eləcə də böhranın həlli perspektivlərinə müəyyən qədər aydınlıq gətirə bilər. Çünki Yaxın Şərq böhranı zəncirvari xarakter daşıyır və proseslər bir-biri ilə sıx bağlıdır”, – deyə o əlavə edib.
İradə Cəlil, Bizimyol.info






