Ziya Həsənsoy artıq 20 ildir, musiqi sənəti ilə məşğuldur. 11 saylı uşaq musiqi məktəbini, sonra Asəf Zeynallı adına musiqi kollecini, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Müxətlif konkurs və festivallarda iştirak edib.
Ziya Həsənsoy Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.
- İfa etdiyiniz musiqi aləti üzrə peşəkar olmaq üçün nələrə diqqət etmək lazımdır?
- 6 il olar, müəllim işləyirəm. Həm Niyazi adına Dövlət Simfonik Orkestrdə çalışıram. Nəinki ifa etdiyim alətdə, düşünürəm, bütün alətlərdə peşakar olmaq üçün məqsəd və iradə lazımdır. Ən əsası isə beyin işlədərək məşğul olmaq lazımdır. Onda daha effektiv olur. Ən azı gündə 6-7 saat məşq etmək vacibdir. Dünya şöhrətli musiqiçilər belə indiki halda yenə saatlarla məşğul olurlar.
- Ölkəmizdə skripkada ifa edən 5 musiqiçinin adını çəkə bilərsinizmi? Səbəblərini deyə bilərsinizmi?
- Ölkəmizdə çox gözəl musiqiçilər var, eləcə də, skripka ifaçıları. Nümunə olaraq elə öz müəllimlərimin adını çəkə bilərəm. Süleyman Babakişizadə və Üzeyir Mahmudbəyli. Çox gözəl ifaçı və pedaqoqdular. Təkçə ifanı yox, ümumən musiqiyə necə yanaşmaq olduğunu öyrədirlər. Rövşən Əmrahov yenilikçi birisidir. Maraqlı konsertlər təşkil edir. Sıralamanı uzatsam, gərək çoxunun adını çəkəm. Düşünürəm, bu qədər bəs edər.
- Şagirdlərinizi bu musiqi alətində öyrətmək üçün hansı xüsusi metodlardan istifadə edirsiniz?
- Yeni dərs deməyə başlayanda içimdə bir az qorxu da var idi. Düşünürdüm, birdən tələbələr dərsi bəyənməzlər. Amma həm də vaxt axarında hər şeyin öz qaydasına düşəcəyinə inanırdım. Elə də oldu. İlk dərslərdə notlar öyrədilir, ölçüləri, yazılış yerləri v. s. Daha sonra isə aləti düzgün tutmaq qaydası. Artıq 6-7-ci dərsdə ilk əsərimizi ifa edirik. Beləcə bir neçə dərsdən bir əsərlərin sayını artırırıq.
Elə tələbə var, nəzəriyyəni zəif mənimsəyir, amma praktika edəndə daha rahat qəbul edir, eləsi var, tam tərsi olur, və ya hər ikisini gözəl mənimsəyir. Bu illər ərzində bir şeyi dəqiq bilirəm ki, bir insanın həvəsi varsa, alınmamaq kimi ehtimal yoxdur. Hər dəfə ilk dərsdə tələbədən soruşuram: “Niyə skripka?” Çoxunun verdiyi cavab isə eyni olur: “Uşaqlıqdan istəmişəm, amma valideynlərim icazə verməyib”. Belə insanlarda nəticə daha yaxşı alınır. Sanki illər boyu içlərində həvəs yığılıb qalıb və dərslərə daha böyük maraqla yanaşırlar. Mənim 52 və 56 yaşlı tələbəm də olub. Çox uğurlu nəticə əldə ediblər. Bu da onun göstəricisidir ki, incəsənətin yaşı olmur. Yetər ki, istək olsun. Məqsədim tələbəyə məhsuldar dərs keçərək gələcəkdə məndən asılı olmadan özünün hər hansısa bir musiqi parçasını yığmasına nail olmaqdır.
- Həvəskar musiqisevərlərə tövsiyələriniz nələrdir?
- Yeni başlayan və ya başlamaq istəyən həvəskarlara bir tövsiyəm var: heç vaxt yaşınızı bəhanə etməyin. Bir çox insan məhz yaşına görə bu istəyindən vaz keçir. Amma bilin ki, belə düşünmək deyil. Həvəskar musiqiçi olmaq üçün heç vaxt gec deyil. Əsas odur, qərar verəsiniz və dərslərə başlayasınız.
Musiqisevərlərə də məsləhət görərdim ki, klassik musiqiləri çox dinləsinlər. Bəstəkarları araşdırsınlar, çünki hər bir bəstəkar bir dəryadır. Bu yolla həm dünyagörüşünüzü artırmış olursunuz, həm də musiqi zövqünüzü mükəmməlləşdirirsiniz. Bu yolda olan hər kəsə uğurlar arzulayıram.
Günel Həsənova, Bizimyol.info






