Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zeynəb Əyyubova: “ChatGPT psixoloqu tam əvəz edə bilməz”
Zeynəb Əyyubova: “ChatGPT psixoloqu tam əvəz edə bilməz”

Gündəlik həyatda, xüsusilə də gərgin və stresli şəraitdə yaşayan insanlar arasında süni intellektin psixoloqu əvəz edib-edə bilməyəcəyi ilə bağlı suallar artır.

Bizimyol.info xəbər verir ki, süni intellektin insan psixikasına təsirini bir sıra alimlər araşdırıb. Amerikalı fəlsəfə doktoru, psixoloq Cudit S. Bek Psychology Today üçün yazdığı məqalədə tədqiqatlara istinad edərək bildirib ki, ChatGPT kimi süni intellekt çat-botlarından psixoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə istifadə etməyin həm üstünlükləri, həm də ciddi riskləri var. Mütəxəssisin sözlərinə görə, mənfi tərəflər o qədər əhəmiyyətlidir ki, ilk növbədə məhz onlara diqqət yetirmək lazımdır.

Araşdırmalara görə, radikal və ya ifrat düşüncələrə malik insanlar bəzən süni intellektin onların fikirlərini təsdiqlədiyini hiss edirlər.

Çünki çat-botun əsas məqsədlərindən biri istifadəçi ilə uyğun ünsiyyət qurmaqdır.

Dünyada sənədləşdirilmiş bəzi hallarda psixi sağlamlıq problemi yaşayan şəxslərin çat-botlarla ünsiyyətdən sonra simptomlarının ağırlaşdığı, hətta intihar və ya zorakılıq hadisələrinin baş verdiyi qeyd olunur.

Alimlər bildirirlər ki, psixi xəstəliyi olmayan insanlar üçün də belə platformalar müəyyən risklər yarada bilər. Süni intellekt istifadəçinin gələcək, dünya, digər insanlar və ya özü haqqında mənfi düşüncələrini istəmədən gücləndirə bilər.

Mütəxəssislərin fikrincə, bəzi insanlar zamanla süni intellekti canlı varlıq kimi qəbul etməyə və onun cavablarını həqiqi empatiya kimi dəyərləndirməyə başlayırlar. Bu isə emosional asılılığın yaranmasına, real insanlarla münasibətlərin zəifləməsinə və sosial əlaqələrin azalmasına səbəb ola bilər.

Çat-bot mürəkkəb və ya xroniki psixoloji problemləri, eləcə də toksik münasibətlərdə olan insanları lazımi şəkildə qiymətləndirə bilmir. Belə hallarda peşəkar və fərdiləşdirilmiş müalicə planına ehtiyac olur. Bundan əlavə, süni intellekt istifadəçinin davranış və düşüncə tərzini hərtərəfli təhlil etmək imkanına malik deyil. Buna görə də verdiyi tövsiyələr konkret vəziyyət üçün uyğun olmaya və ya yanlış istiqamətə yönləndirə bilər.

Mütəxəssislərin fikrincə, süni intellekt istənilən vaxt əlçatan olsa da, onu peşəkar psixoloq və ya psixoterapevtin tam alternativi hesab etmək düzgün deyil. Bundan əlavə, ChatGPT ilə yazışmaların tam anonim olduğu düşüncəsi də reallığı tam əks etdirmir.(lent.az)

  • İnsanların psixoloq əvəzinə ChatGPT -dən psixoloq kimi istifadə etməsinin hansı riskləri ola bilər?
  • Süni intellekt gələcəkdə psixoloqu əvəz edə bilərmi?

Bu barədə psixoloq Zeynəb Əyyubova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ChatGPT-yə günün istənilən vaxtı müraciət etmək mümkündür: “Süni intellekt, o cümlədən ChatGPT, psixoloji dəstək sahəsində faydalı bir vasitə ola bilər, lakin peşəkar psixoloqu tam əvəz edə bilməz. İnsanların psixoloq əvəzinə ChatGPT-dən istifadə etməsinin müəyyən üstünlükləri var. Məsələn, xidmətə günün istənilən vaxtı müraciət etmək mümkündür, insanlar bəzən hisslərini daha rahat ifadə edə bilirlər və ilkin emosional dəstək ala bilirlər. Lakin bununla yanaşı, ciddi risklər də vardır”.

Zeynəb Əyyubova deyib: “Əsas risk ondan ibarətdir ki, süni intellekt insanın psixoloji vəziyyətini klinik səviyyədə qiymətləndirə bilmir. Depressiya, təşviş pozuntuları, travma, intihar riski və ya digər psixi sağlamlıq problemləri olan şəxslərin vəziyyətini tam dərk etmək və fərdi müdaxilə planı hazırlamaq yalnız mütəxəssisin səlahiyyətindədir. Süni intellekt bəzən istifadəçinin yanlış və ya mənfi düşüncələrini istəmədən gücləndirə, vəziyyətin ciddiliyini düzgün qiymətləndirməyə və ya uyğun olmayan tövsiyələr verməyə bilər”.

Zeynəb Əyyubova vurğulayıb: “Başqa mühüm məqam emosional bağlılıq riskidir. Bəzi insanlar zamanla süni intellekti real münasibətlərin əvəzi kimi qəbul edə, bu isə sosial əlaqələrin zəifləməsinə və tənhalıq hissinin artmasına səbəb ola bilər”.

Zeynəb Əyyubova əlavə edib: “Mən hesab edirəm ki, gələcəkdə süni intellekt psixoloqların işini dəstəkləyən güclü bir alətə çevriləcək. O, psixoedukasiya, məlumatlandırma, özünü müşahidə və ilkin istiqamətləndirmə sahələrində faydalı rol oynaya bilər. Ancaq insanın emosiyalarını, həyat tarixçəsini, mimikasını, səs tonunu və münasibətlər sistemini kompleks şəkildə dəyərləndirən canlı terapevtik əlaqəni tam əvəz etməsi yaxın gələcəkdə real görünmür.

Bu səbəbdən süni intellekti psixoloqun alternativi deyil, yardımçı vasitə kimi qiymətləndirmək daha doğru yanaşmadır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »