Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran–Böyük Britaniya gərginliyi: Yaxın Şərqdə yeni geosiyasi qarşıdurmanın konturları
İran–Böyük Britaniya gərginliyi: Yaxın Şərqdə yeni geosiyasi qarşıdurmanın konturları

Yaxın Şərqdə onsuz da mürəkkəb olan təhlükəsizlik mühiti son hadisələr fonunda daha da həssas mərhələyə qədəm qoyub. İranın Böyük Britaniyanın ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatları üçün öz hərbi bazalarından istifadəyə icazə verməsinə sərt reaksiya göstərməsi bölgədə diplomatik gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Tehran bu addımı beynəlxalq hüququn pozulması və hərbi əməliyyatlarda dolayı iştirak kimi qiymətləndirərək, belə qərarların nəticələrinə görə ABŞ-yə dəstək verən bütün dövlətlərin məsuliyyət daşıyacağını bəyan edib.

Bu açıqlamalar təkcə İran–Böyük Britaniya münasibətlərinin deyil, bütövlükdə İran–Qərb qarşıdurmasının da yeni geosiyasi mərhələyə daxil ola biləcəyinə dair mühüm siqnallar kimi qiymətləndirilir.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında politoloq Nicat İsmayılov danışıb.

O bildirib ki, Böyük Britaniya uzun illərdir ABŞ-nin ən yaxın təhlükəsizlik tərəfdaşlarından biri hesab olunur. NATO çərçivəsində formalaşmış strateji əməkdaşlıq, hərbi koordinasiya və qlobal təhlükəsizlik siyasəti Londonun Vaşinqtonla paralel mövqe nümayiş etdirməsini şərtləndirən əsas amillərdəndir.

Politoloqun sözlərinə görə, əgər Böyük Britaniya öz hərbi infrastrukturundan ABŞ tərəfindən istifadə olunmasına imkan yaradırsa, bu, Londonun münaqişənin siyasi və hərbi nəticələrini nəzərə alaraq qəbul etdiyi strateji qərar kimi qiymətləndirilə bilər. Bununla yanaşı, belə addımlar Böyük Britaniyanı İranın siyasi ritorikasında və mümkün cavab tədbirlərində daha görünən hədəfə çevirə bilər.

İran rəhbərliyinin son bəyanatları ilk növbədə çəkindirmə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Tehran mümkün hərbi əməliyyatlarda iştirak edən və ya dəstək göstərən dövlətlərə əvvəlcədən xəbərdarlıq etməklə onların qərarlarına təsir göstərməyə çalışır.

Bu yanaşma İranın uzun illərdir tətbiq etdiyi təhlükəsizlik konsepsiyasına uyğundur. Tehran hesab edir ki, hərbi əməliyyatlarda iştirak edən dövlətlər yalnız siyasi deyil, həm də təhlükəsizlik baxımından məsuliyyət daşımalıdırlar”, – deyə o bildirib.

Nicat İsmayılovun sözlərinə görə, mövcud geosiyasi şəraitdə İran ilə Böyük Britaniya arasında genişmiqyaslı birbaşa hərbi müharibə ehtimalı yüksək görünmür. Bunun bir neçə əsas səbəbi var.

Birincisi, Böyük Britaniya NATO üzvüdür və belə bir qarşıdurma daha geniş beynəlxalq təhlükəsizlik böhranına çevrilə bilər.

İkincisi, İran rəhbərliyi yaxşı anlayır ki, Böyük Britaniya ilə açıq müharibə təkcə Londonla deyil, bütövlükdə Qərb təhlükəsizlik sisteminin digər iştirakçıları ilə də qarşıdurma riskini artıracaq.

Üçüncüsü isə hər iki tərəf mümkün qədər birbaşa hərbi toqquşmadan yayınmağa çalışır. Buna baxmayaraq, diplomatik münasibətlərin daha da gərginləşməsi, qarşılıqlı sanksiyalar, dəniz təhlükəsizliyi ilə bağlı insidentlər, kiberhücumlar və dolayı qarşıdurmalar istisna edilmir.

  • İran münaqişədə tərəflərin sayını artırmağa çalışır?

Politoloq hesab edir ki, bu suala birmənalı şəkildə "bəli" cavabı vermək düzgün olmaz.

İranın bəyanatları daha çox münaqişəyə hərbi və siyasi dəstək verən dövlətlərə xəbərdarlıq xarakteri daşıyır. Bununla belə, Tehran çalışır ki, ABŞ-yə dəstək verməyi planlaşdıran ölkələr bunun mümkün nəticələrini əvvəlcədən nəzərə alsınlar.

Digər tərəfdən, İran öz regional tərəfdaşları və müttəfiqləri vasitəsilə strateji təsir imkanlarını qorumağa çalışır. Belə vəziyyətlərdə məqsəd münaqişəni genişləndirməkdən daha çox, rəqib tərəfin qərar qəbul etməsini çətinləşdirən çəkindirmə mühiti formalaşdırmaqdır”, – deyə o qeyd edib.

Ekspert bildirib ki, İran ilə Qərb arasında gərginliyin artması Yaxın Şərqdə bir sıra əlavə risklər yarada bilər.

Ən böyük risklərdən biri Hörmüz boğazında təhlükəsizlik vəziyyətinin mürəkkəbləşməsidir. Dünya enerji ticarətinin mühüm hissəsinin keçdiyi bu marşrutda yaranacaq hər hansı böhran beynəlxalq enerji bazarlarına ciddi təsir göstərə bilər.

Digər mühüm məsələ bölgədə yerləşən xarici hərbi bazaların təhlükəsizliyidir. Əgər gərginlik artarsa, regiondakı hərbi obyektlərin mühafizə tədbirləri gücləndiriləcək və bu da ümumi hərbi aktivliyi artıracaq.

Bundan əlavə, diplomatik kanalların zəifləməsi regional sabitliyin qorunmasını daha da çətinləşdirə bilər.

Mövcud vəziyyət göstərir ki, hərbi ritorikanın gücləndiyi şəraitdə diplomatik mexanizmlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq hüquqa hörmət, qarşılıqlı dialoq və gərginliyin idarə olunmasına yönəlmiş vasitəçilik təşəbbüsləri eskalasiyanın qarşısının alınmasında mühüm rol oynaya bilər”, – deyə o vurğulayıb.

Politoloq əlavə edib ki, BMT, Avropa dövlətləri və regionun digər təsirli aktorları gərginliyin nəzarətdən çıxmaması üçün diplomatik səylərini gücləndirməyə çalışa bilərlər. Əks halda, lokal xarakter daşıyan qarşıdurmaların daha geniş regional böhrana çevrilməsi riski artacaq.

Nicat İsmayılovun fikrincə, İranın Böyük Britaniyanın qərarına sərt etirazı Yaxın Şərqdə geosiyasi rəqabətin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisələrdən biridir. Hazırkı mərhələdə İran ilə Böyük Britaniya arasında birbaşa genişmiqyaslı hərbi qarşıdurma ehtimalı yüksək qiymətləndirilməsə də, qarşılıqlı sərt bəyanatlar, hərbi hazırlıq tədbirləri və regional rəqabət gərginliyin uzun müddət davam edə biləcəyindən xəbər verir.

İranın ritorikası daha çox potensial iştirakçıları çəkindirməyə və mümkün hərbi dəstəyin siyasi qiymətini artırmağa yönəlmiş kimi görünür. Bununla yanaşı, hər hansı yeni eskalasiya regionun təhlükəsizlik arxitekturasına, enerji bazarlarına və beynəlxalq diplomatik proseslərə ciddi təsir göstərə bilər. Məhz buna görə də mövcud mərhələdə diplomatik kanalların açıq saxlanılması və beynəlxalq hüquq çərçivəsində dialoqun davam etdirilməsi regional sabitliyin qorunması baxımından əsas prioritet olaraq qalır”, – deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »