Kəndlər bir-birinin ardınca boşalır. Bunu həm də məktəblərin ardıcıl ləğvindən bilmək olmur. Kəndlərdəki təhsil ocaqlarında getdikcə daha az şagird gözə dəyir. Hətta rayon mərkəzlərində boşluq hiss olunur. Birinci sinfə yazılanların sayı ilbəil azalır. Əhali əsasən Bakıda və ya paytaxt ətrafında toplaşır.
Bizimyol.info xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun rəsmisi Aslan Zeynalov da paytaxta axının böyük olduğunu dilə gətirib. O hətta bölgələrdə yaşayanların belə, mənzil almaq üçün Bakıya üz tutduğunu deyib.
Azərbaycanda mənzillərin sayı 1,4 milyonu keçib. Hər il daha 30 mindən çox fərdi yaşayış ev və ya mənzil sahibini tapır. Yeni tikinti predmetlərinin böyük hissəsi Abşeron yarımadasının və paytaxtın payına düşür.
Bölgədəki və Bakıdakı mənzillərin dəyəri arasında da böyük fərq var. Məsələn, hər hansı ikiotaqlı mənzilin qiymət fərqi 3-4 dəfəyə çatır.
İqtisadçı Üzeyir Bağırov deyir ki, paytaxta böyük axının arxasında işsizlik dayanır. Onun fikrincə, hətta kəndlərdə də həyatda qalmaq üçün müəyyən vəsaitə ehtiyac var, bunu isə daha çox Bakıda təmin etmək mümkündür: “Ola bilər ki, başqa amillər də öz sözünü deyir. Məsələn, infrastrukturun getdikcə pisləşməsi. Kənd adamları təhsil məsələlərinə də diqqət yetirməyə başlayıblar. Yəni uşaqlarının yaxşı bilik almasını istəyirlər. Amma söz yoxdur ki, əsas amil işin sosial tərəfidir. Fərdi təsərrüfatlarla məşğul olmaq zamanla sərf etməməyə başlayıb. Daimi gəlirlərin olmaması kənd əhalisini çox ciddi çətinliklərlə üz-üzə qoyur. Buna görə də daha böyük yaşayış yerlərinə üz tutmaqdan başqa yol qalmır”.
Bakıda mənzil almaq bölgə əhalisinin ciddi hədəfinə çevrilib. Yəni bunun üçün mübarizə təkcə paytaxtın daimi sakinləri arasında getmir. Bakıda mənzil ciddi investisiya aləti sayılır. Paytaxtda yaşayış yerin varsa, gələcəklə bağlı müəyyən planlar qurmaq olar. Hətta tələbələr arasında keçirilən sorğular da göstərir ki, bölgələrdən gələnlər geri qayıtmaq haqqında düşünmür. Daha dəqiqi, bunda perspektiv görmürlər. Nəticədə şəhər əhalisinin sayı artır, bölgələr daha sürətlə boşalır.
Problemin müxtəlif çıxış yolları var. Amma ən əsası, bölgələrdə həyatın canlanmasıdır. Yeni iş yerləri yaradımalıdır, ölkənin ayrı-ayrı hissələrinin gerçək sosial-iqtisadi dirçəlişinə nail olunmalıdır. Hamı paytaxta toplaşa bilməz və yalnız burada mənzil sahibi olmaq haqqında düşünülməsi normal sayılmır. Ölkə təkcə Bakıdan ibarət deyil.
Aytən, Bizimyol.info






