Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Ukraynanı qışda iki ssenari gözləyir – danışıqlar və ya müharibənin eskalasiyası
Zelenski: Ukraynanı qışda iki ssenari gözləyir – danışıqlar və ya müharibənin eskalasiyası

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, qarşıdan gələn qışda ölkəni iki mümkün ssenari gözləyə bilər: Rusiya ilə sülh danışıqlarının başlanması və ya müharibənin daha da genişlənməsi.

Bizimyol.info xəbər verir ki, Zelenski bunu İrlandiyanın Baş naziri Mixal Martinlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu qış qarşısında iki yolumuz var. Birincisi – ordumuza güc arzulayırıq, çünki cəbhədə dayanıqlılıq çox vacibdir. Bu, Rusiya ilə danışıqlar masasına oturmaq və müharibəni başa çatdırmaq üçün lazımdır. Bu, mənim əsas diqqət yetirdiyim prioritetdir. Biz kiminlə qarşı-qarşıya olduğumuzu anlayırıq. Bunun alternativi isə Rusiyanın daim axtardığı yoldur – müharibə və səfərbərliyin genişləndirilməsi”, – deyə Ukrayna lideri bildirib.

Zelenski əlavə edib ki, Ukrayna kəşfiyyatının məlumatlarına görə, hazırda Rusiya Prezidenti Vladimir Putinin ətrafında iki fərqli mövqe formalaşıb. Birinci qrup müharibənin başa çatdırılmasının vacibliyini vurğulayır, ikinci qrup isə döyüşlərin davam etdirilməsini istəyir.

“Dünən kəşfiyyat orqanlarının geniş məruzəsini dinlədim. Görürük ki, Putinin ətrafında müharibəni bitirmək istəyən və iqtisadi çöküş ehtimalını nəzərə alan insanlar var. Amma müharibənin genişlənməsini istəyən hərbçilər də mövcuddur”, – deyə Zelenski bildirib.

Bir sıra mənbələr Rusiyanın artıq payızda məcburi səfərbərlik elan edə biləcəyini bildirir. Alman hərbi analitiki Yulian Röpkenin sözlərinə görə, Moskva 250-500 min nəfər arasında yeni hərbçi cəlb edə bilər. O deyib ki, bu qüvvələrin motivasiyası müqavilə əsasında orduya qoşulan hərbçilərlə müqayisədə daha aşağı ola bilər.

Eyni zamanda, “Bloomberg” yazır ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında son görüş zamanı əldə olunduğu bildirilən razılaşma planından Moskvanın geri çəkildiyi görünür. Məlumata görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqansk vilayətlərindən çıxması şərti ilə bəzi ərazilərin geri qaytarılması ideyasından imtina edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »