ABŞ-ın Yaxın Şərqə əlavə hərbi qüvvə və texnika yerləşdirməsi Vaşinqtonun İrana qarşı mümkün əməliyyatların miqyasını genişləndirməyə hazırlaşdığı ilə bağlı ehtimalları gücləndirib. İddialara görə, nəzərdən keçirilən ssenarilər arasında İranın enerji infrastrukturuna zərbələr və Hörmüz boğazı ətrafında hərbi aktivliyin artırılması da var. Bu addımlar regionda onsuz da gərgin olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirə bilər.
- ABŞ-ın hərbi hazırlığını artırması İrana qarşı genişmiqyaslı əməliyyat ehtimalını nə dərəcədə yüksəldir və bunun Yaxın Şərqdə, xüsusilə enerji bazarları və regional təhlükəsizlik baxımından mümkün nəticələri nələr ola bilər?
Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-ın Yaxın Şərqə əlavə hərbi qüvvə və texnika cəmləşdirməsi ilk növbədə hərbi çəkindirmə və operativ hazırlığın artırılması kimi qiymətləndirilə bilər.
“Belə addımlar Vaşinqtonun yalnız müdafiə xarakterli mövqe nümayiş etdirməsi deyil, həm də zərurət yaranacağı təqdirdə daha genişmiqyaslı əməliyyatlar keçirmək imkanlarını artırması kimi də şərh olunur. Bununla belə, təkcə hərbi qüvvələrin yerləşdirilməsi genişmiqyaslı müharibənin qaçılmaz olduğu anlamına gəlmir. ABŞ xarici siyasətində hərbi təzyiq çox zaman diplomatik danışıqlarda üstün mövqe qazanmaq məqsədi daşıyan vasitə kimi də istifadə olunur”, – deyə politoloq bildirib.
O vurğulayıb ki, İranın enerji infrastrukturu və ya strateji hərbi obyektlərinə qarşı mümkün əməliyyatların miqyasının genişlənməsi regionda qarşılıqlı eskalasiya riskini əhəmiyyətli dərəcədə artırar. Belə ssenaridə İranın özünün və ya regiondakı müttəfiq silahlı qrupların cavab addımları ehtimalı yüksələr. Bu isə münaqişənin yalnız iki ölkə arasında deyil, daha geniş regional təhlükəsizlik böhranına çevrilməsi riskini artıran amillərdən biridir.
Politoloqun fikrincə, enerji bazarları baxımından da risklər kifayət qədər ciddi görünür. Hörmüz boğazı dünya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün mühüm hissəsinin keçdiyi strateji marşrutdur. Burada hərbi aktivliyin artması və ya nəqliyyatın məhdudlaşdırılması beynəlxalq bazarlarda enerji qiymətlərinin kəskin dəyişməsinə, logistika xərclərinin yüksəlməsinə və qlobal inflyasiya təzyiqlərinin güclənməsinə səbəb ola bilər. Xüsusilə enerji idxalından asılı ölkələr üçün belə bir ssenari iqtisadi riskləri artıracaq.
“Regional təhlükəsizlik baxımından mümkün hərbi əməliyyatların genişlənməsi Yaxın Şərqdə onsuz da kövrək olan qüvvələr balansını yenidən formalaşdıra bilər. Son illərdə bir sıra ərəb ölkələri ilə İran arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar yeni təhlükəsizlik böhranı fonunda zəifləyə bilər. Eyni zamanda, region dövlətləri təhlükəsizlik prioritetlərini yenidən nəzərdən keçirməyə və hərbi hazırlığı artırmağa məcbur qala bilərlər”, – deyə o əlavə edib.
Politoloqun fikrincə, Türkiyə belə bir ssenaridə balanslaşdırılmış siyasət yürütməyə çalışacaq əsas aktorlardan biri kimi görünür. Ankara bir tərəfdən NATO müttəfiqi kimi Qərblə koordinasiyanı qorumağa çalışacaq, digər tərəfdən isə regionda genişmiqyaslı müharibənin qarşısının alınmasını prioritet hesab edəcək. Türkiyə üçün əsas məqsədlər sərhəd təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının sabitliyinin qorunması və yeni miqrasiya dalğalarının qarşısının alınması olacaq.
“Rusiya isə ABŞ-ın regiondakı hərbi fəallığının artmasını öz geosiyasi maraqları baxımından diqqətlə izləyəcək. Moskva diplomatik müstəvidə Vaşinqtonun addımlarını tənqid etməklə yanaşı, İranla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirməyə çalışa bilər. Bununla belə, Rusiya da münaqişənin nəzarətdən çıxaraq daha geniş regional müharibəyə çevrilməsində maraqlı deyil. Çünki belə vəziyyət həm Suriyadakı balansı dəyişə, həm də Rusiyanın digər geosiyasi prioritetlərinə əlavə yük yarada bilər”, – deyə o bildirib.
Çinə gəldikdə isə, politoloq bildirib ki, Çin üçün əsas prioritet enerji təhlükəsizliyi və beynəlxalq ticarət marşrutlarının sabit qalmasıdır. Pekin İranın əsas enerji tərəfdaşlarından biri olmaqla yanaşı, Yaxın Şərqdə sabitliyin "Bir Kəmər, Bir Yol" təşəbbüsü baxımından strateji əhəmiyyət daşıdığını nəzərə alır. Buna görə də Çin böyük ehtimalla hərbi eskalasiyadan daha çox diplomatik vasitəçilik və gərginliyin azaldılması çağırışlarını ön plana çıxaracaq.
“ABŞ-ın hərbi hazırlığının artırılması mümkün əməliyyat ehtimalını müəyyən qədər yüksəltsə də, bunun mütləq genişmiqyaslı müharibə ilə nəticələnəcəyini söyləmək üçün kifayət qədər əsas yoxdur. Hazırkı mərhələdə hərbi hazırlıq, diplomatik təzyiq və qarşılıqlı çəkindirmə elementləri paralel şəkildə davam edir. Lakin tərəflərdən hər hansı yanlış hesablanmış addım və ya nəzarətdən çıxan insident Yaxın Şərqdə geosiyasi vəziyyəti qısa müddətdə daha mürəkkəb və proqnozlaşdırılması çətin mərhələyə keçirə bilər. Bu səbəbdən qarşıdakı dövrdə hərbi hazırlıqla yanaşı, diplomatik kanalların açıq saxlanılması regional sabitliyin qorunması baxımından həlledici əhəmiyyət daşıyacaq”, – deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info






