Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ ilə Səudiyyə Ərəbistanı arasında 30 illik nüvə sazişini təsdiqləyib
Tramp ABŞ ilə Səudiyyə Ərəbistanı arasında 30 illik nüvə sazişini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə dinc nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan 30 illik sazişi təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, ABŞ mediasının yaydığı məlumata görə, sənəd Amerika şirkətlərinə Səudiyyə Ərəbistanının nüvə proqramının inkişafında iştirak etmək və krallığa müvafiq texnologiyalar ötürmək imkanı yaradacaq. Eyni zamanda, Ər-Riyada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətinə dair "qızıl standart" kimi tanınan şərtləri qəbul etmədən uranı zənginləşdirmək hüququ veriləcək.

Saziş layihənin mərhələli şəkildə həyata keçirilməsini nəzərdə tutur. İlk mərhələdə zəruri obyektlər amerikalı mütəxəssislər tərəfindən inşa ediləcək, ən həssas texnologiyalara çıxış isə məhdud saxlanılacaq. Bundan əlavə, Səudiyyə Ərəbistanına 10 il ərzində uranın zənginləşdirilməsi üzrə öz texnologiyalarını hazırlamaq və ya bu sahədə oxşar texnologiyaları üçüncü ölkələrdən əldə etmək qadağan olunacaq.

Sənədin qüvvəyə minməsi üçün hələ təsdiq prosedurundan keçməsi tələb olunur. Ağ Ev ümid edir ki, Konqres bu təşəbbüsü dəstəkləyəcək.

Saziş artıq beynəlxalq müzakirələrə səbəb olub. İsrail ənənəvi olaraq ərəb dövlətlərinə tam nüvə yanacaq dövriyyəsinə çıxış verilməsinin əleyhinə çıxış edir və bunun nüvə texnologiyalarının yayılması riskini artıracağından ehtiyatlanır. Digər tərəfdən, Səudiyyə Ərəbistanı hakimiyyəti daha əvvəl bəyan edib ki, İran oxşar imkanlara sahib olacağı təqdirdə, krallıq da öz nüvə silahını hazırlaya bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »