ABŞ yaxın bir neçə gün ərzində İrana qarşı hərbi əməliyyatların miqyasını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp regionda hərbi qüvvələrin artırılması fonunda İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən genişləndirilməsi variantını nəzərdən keçirməyə davam edir.
Portalın yazdığına görə, ABŞ və İsrail rəsmiləri belə bir qərarın yaxın günlərdə qəbul oluna biləcəyini bildiriblər.
Bundan əvvəl "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton Yaxın Şərqdə hərbi kontingentini gücləndirir, bölgəyə əlavə şəxsi heyət və silah-sursat göndərir. Nəşrin məlumatına əsasən, bu addımlar İrana qarşı əməliyyatların mümkün genişləndirilməsinə hazırlıq məqsədi daşıyır.
Qəzetin iyul ayında yaydığı başqa bir məlumata görə, Donald Tramp əsas müşavirləri ilə keçirdiyi bir neçə müşavirədən sonra İrana qarşı hərbi fəaliyyətin genişləndirilməsinə meyllənib. Müzakirə olunan variantlar arasında İran ərazisinə hava zərbələrinin intensivləşdirilməsi, Hörmüz boğazı yaxınlığındakı adalara nəzarəti ələ keçirmək üçün quru qoşunlarının göndərilməsi, eləcə də ölkənin enerji infrastrukturuna zərbələrin endirilməsi yer alır.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalasa da, ABŞ 8 iyul gecəsi İranın Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozduğunu əsas gətirərək genişmiqyaslı zərbələri bərpa edib.
Bizimyol.info






