Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyevin Berlin səfərinin nəticəsi: Almaniya ilə əməkdaşlıq yeni səviyyəyə yüksəlir
İlham Əliyevin Berlin səfərinin nəticəsi: Almaniya ilə əməkdaşlıq yeni səviyyəyə yüksəlir

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Prezident Frank-Valter Ştaynmayerlə keçirdiyi görüşdə ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətləri, enerji əməkdaşlığı, Orta Dəhliz, regional təhlükəsizlik və Azərbaycan–Ermənistan sülh prosesi geniş müzakirə olunub. Tərəflər arasında imzalanacaq "Strateji Gündəliyə dair Birgə Bəyannamə"nin münasibətləri yeni mərhələyə daşıyacağı vurğulanıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Azərbaycan ilə Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, bu səfərdən sonra Avropanın aparıcı dövlətlərindən biri olan Almaniya ilə münasibətlər qarşılıqlı maraqlar və strateji əməkdaşlıq prinsipləri əsasında yeni mərhələyə qədəm qoyacaq.

Deputat hesab edir ki, səfərin ən mühüm nəticələrindən biri Almaniya investisiyalarının yalnız həcminin deyil, keyfiyyətinin də dəyişməsi olacaq.

"Almaniya dünyanın ən güclü sənaye və texnologiya ölkələrindən biridir. Müasir texnologiyaların, qabaqcıl istehsal modellərinin, süni intellekt həllərinin, sənaye texnologiyalarının və idarəetmə təcrübəsinin Azərbaycana gətirilməsi iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradacaq. Xüsusilə qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır", – deyə Müşfiq Cəfərov bildirib.

Deputatın sözlərinə görə, səfər çərçivəsində imzalanan "Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə" də xüsusi əhəmiyyət kəsb edir.

Onun fikrincə, bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addımdır. Biznes Şurası sahibkarlar arasında birbaşa əlaqələrin genişlənməsinə, yeni investisiya layihələrinin formalaşmasına və əməkdaşlıq imkanlarının artırılmasına xidmət edəcək.

Müşfiq Cəfərov əlavə edib ki, Almaniya Avropa İttifaqının aparıcı iqtisadi gücü olduğundan, Prezident İlham Əliyevin bu səfəri təkcə ikitərəfli münasibətlər baxımından deyil, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

"Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərini Azərbaycan–Almaniya münasibətlərində yeni səhifənin başlanğıcı kimi qiymətləndirmək olar", – deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »