ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstəyi nəzərdə tutan 30 illik strateji sazişi təsdiqləyib. Saziş ABŞ şirkətlərinin nüvə infrastrukturunun qurulmasında iştirakını və zəruri hesab edilərsə, Səudiyyə Ərəbistanında uran zənginləşdirmə obyektinin tikintisini də əhatə edir. Bu addımın Yaxın Şərqdə güc balansına və nüvə təhlükəsizliyi məsələlərinə təsiri ilə bağlı müzakirələr güclənib.
- ABŞ-ın Səudiyyə Ərəbistanının nüvə proqramına bu səviyyədə dəstək verməsi Yaxın Şərqdə regional təhlükəsizlik balansına və digər ölkələrin nüvə siyasətinə necə təsir göstərə bilər?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın Səudiyyə Ərəbistanının uranı zənginləşdirməsini nəzərdə tutan anlaşmaya razılıq verməsi Yaxın Şərqdə yeni geosiyasi vəziyyət yaradır.
Onun sözlərinə görə, Yaxın Şərq ölkələri çox ciddi enerji resurslarına malik olsalar da, bir çox ölkələr, elə o cümlədən Amerika Birləşmiş Ştatlarının özü də həm nüvə enerjisindən istifadə etməyi üstün tutur və nüvə enerjisi həm ekoloji baxımdan, həm də effektivlik baxımından vacib hesab olunur.
Politoloq bildirib ki, uranın zənginləşdirilməsi məsələsi yalnız Səudiyyə Ərəbistanının həyata keçirəcəyi bir proqram olmayacaq: "Əslində, elə Amerika Birləşmiş Ştatları İranla nüvə proqramı ətrafında hələ 70-ci illərdən razılaşma əldə etmişdi və əslində İrandakı nüvə proqramının əsası da o zamandan məhz Amerikanın dəstəyi ilə qoyulub".
Oqtay Qasımov deyib ki, bu anlaşmaya iki əsas məqsədlə gedilib.
"Birincisi, Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft istehsalçılarından biri olsa da, özü də enerji siyasətini şaxələndirməyə çalışır. Son dövrlər yaşıl enerjidən, bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verir və bu istiqamətdə həm ölkə, həm də onun şirkətləri mühüm addımlar atıblar.
İkinci məsələ isə təhlükəsizliklə bağlıdır. Yaxın Şərqdə İranın əsas rəqiblərindən biri məhz Səudiyyə Ərəbistanıdır. Amerika Birləşmiş Ştatları bölgədə müəyyən balans yaratmağa çalışır. Bundan başqa, burada kommersiya maraqlarının da olduğu şübhəsizdir. Çünki əldə olunmuş razılaşmaların dəyəri on milyardlarla dollar həcmində qiymətləndirilir ki, bu da kommersiya baxımından ABŞ-ın maraqlarına uyğundur. Faktiki olaraq bu proqrama rəhbərlik edəcək və əsas işləri Amerika şirkətləri həyata keçirəcək. Bu isə həmin şirkətlərə kifayət qədər ciddi qazanc gətirəcək"-deyə politoloq bildirib.
Oqtay Qasımovun sözlərinə görə, ümumilikdə görünən odur ki, Tramp administrasiyası Yaxın Şərqlə bağlı kifayət qədər ciddi və radikal addımlar atmaq niyyətindədir.
"Belə ki, İranla savaş, Hörmüz boğazının gələcəyi və bu coğrafiyada istehsal olunan enerji resurslarının axınlarının alternativ istiqamətlərə yönəldilməsi kimi layihələr də gündəmə gətirilir. Bu baxımdan Səudiyyə Ərəbistanında imzalanmış bu anlaşma qeyd etdiyimiz səbəblərdən qaynaqlanır. Yəni burada həm kommersiya maraqları, həm təhlükəsizlik maraqları, həm də enerji təhlükəsizliyi ilə bağlı məsələlər var. Eyni zamanda enerji siyasətinin şaxələndirilməsi və bölgənin enerji resursları axınlarının istiqamətinin dəyişdirilməsi niyyəti də bu qərarın əsas səbəbləri sırasındadır", – deyə Oqtay Qasımov əlavə edib.
İradə Cəlil, Bizimyol.info






