Misirdən Ukraynaya hərəkət edən, Liberiya bayrağı altında üzən "LPG Gas Lisbon" yük gəmisi Rumıniya sahilləri yaxınlığında hücuma məruz qalıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" Rumıniya Prezidenti Nikuşor Dana istinadən məlumat yayıb.
Prezidentin sözlərinə görə, hadisə Rumıniyanın ərazi sularından kənarda, ölkə sahillərindən təxminən 20 dəniz mili (40 kilometr) məsafədə baş verib. Hücum nəticəsində ekipajın üç üzvü yaralanıb.
Rumıniya xilasedici xidmətləri gəminin heyətinə yardım göstərib və gəminin nəzarətsiz şəkildə sürüklənərək gəmiçiliyə təhlükə yaratmaması üçün hadisə yerinə yedək gəmisi göndərib.
Nikuşor Dan bildirib ki, dövlət qurumları insidentin səbəblərini və məsul tərəfi müəyyənləşdirmək üçün araşdırma aparır. Onun sözlərinə görə, hadisə böyük ehtimalla Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlıdır.
"Reuters" xatırladır ki, bu il həm Ukrayna, həm də Rusiya pilotsuz uçuş aparatları dəfələrlə Rumıniyanın hava məkanını və ərazi sularını pozub. Rusiya isə bu cür insidentlərlə bağlı ittihamları ya rədd edib, ya da məsuliyyəti Ukraynanın üzərinə qoyub.
Bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Odessa istiqamətində təzyiqi artırdığını və limanlarda xarici gəmiləri də hədəfə aldığını bildirmişdi. Rəsmi Kiyevin qiymətləndirməsinə görə, Moskvanın məqsədi Ukraynanın ixrac imkanlarını zəiflətməkdir.
"Financial Times" isə yazıb ki, Rusiya zərbələrinin intensivləşməsi fonunda Ukrayna artıq ixrac sahəsində çətinliklərlə üzləşir. Nəşrin məlumatına görə, hücumlar nəticəsində Odessa limanındakı anbar tutumlarının təxminən üçdə biri sıradan çıxıb.
Bizimyol.info






