Asiya-Sakit okean regionunda fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplar onlayn dələduzluğu ən gəlirli qeyri-qanuni fəaliyyət sahələrindən birinə çeviriblər.
Bizimyol.info xəbər verir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) hesabatına görə, 2025-ci ildə Şərqi və Cənub-Şərqi Asiya, Avstraliya və Yeni Zelandiyada dələduzluq qurbanlarının ümumi zərəri 88,3–114,1 milyard ABŞ dolları arasında qiymətləndirilib.
Hesabatda bildirilir ki, ən geniş yayılmış fırıldaq sxemləri saxta kriptovalyuta investisiya layihələri və "romantik dələduzluq" adlanan üsullardır. Bu sxemdə cinayətkarlar internet vasitəsilə qurbanlarla etibarlı münasibət qurur, daha sonra müxtəlif bəhanələrlə onlardan pul əldə edirlər.
BMT qeyd edir ki, dələduzluğun miqyası son illərdə kəskin artıb. Müqayisə üçün, 2023-cü ildə bu cür cinayətlərin vurduğu zərər 18–37 milyard dollar həcmində qiymətləndirilirdi.
Hesabata əsasən, cinayət şəbəkələrinin əsas fəaliyyət mərkəzləri Cənub-Şərqi Asiyada, xüsusilə Myanma və Kambocada yerləşir. Bu mərkəzlərdə həm könüllü şəkildə cinayətkar qruplara qoşulan şəxslər, həm də insan alverinin qurbanı olan və dələduzluğa məcbur edilən insanlar çalışırlar.
Əvvəllər əsasən çin dilli istifadəçiləri hədəf alan bu şəbəkələr sonradan fəaliyyətlərini qlobal miqyasda genişləndiriblər. Son iki ildə onlayn dələduzluqdan ən çox zərər çəkən ölkələr arasında Çin, Cənubi Koreya və Tayvan göstərilir.
BMT vurğulayır ki, cinayətkar qruplar artıq dələduzluqla yanaşı, çirkli pulların yuyulması, insan alveri, miqrant qaçaqmalçılığı və şəxsi məlumatların qanunsuz toplanması ilə də məşğul olur. Təşkilatın regional nümayəndəsi Delfin Şants onların fəaliyyət modelini vahid şəbəkə daxilində çalışan françayzinq sistemi ilə müqayisə edib.
Beynəlxalq təzyiqlər fonunda region ölkələri bu cür cinayət mərkəzlərinin bağlanması istiqamətində tədbirləri gücləndirir. ABŞ, Böyük Britaniya və Çin artıq genişmiqyaslı onlayn dələduzluq və insan alverində ittiham olunan şirkətlər və şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Bizimyol.info






