Böyük Britaniyanın yeni Baş naziri Endi Bernhem kabinetini formalaşdıraraq bir sıra əsas nazirliklərdə geniş kadr dəyişiklikləri həyata keçirib. Xarici işlər, müdafiə və maliyyə blokunda baş verən dəyişikliklərin Londonun beynəlxalq siyasət kursuna təsir göstərəcəyi gözlənilir. Bu dəyişikliklərin Cənubi Qafqaz siyasətinə mümkün təsiri də diqqət mərkəzindədir.
- Böyük Britaniyada yeni hökumətin formalaşması Azərbaycan–Böyük Britaniya münasibətlərinə, xüsusilə enerji, investisiya və Cənubi Qafqaz siyasəti baxımından necə təsir göstərə bilər?
Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Böyük Britaniyada hökumətdə baş verən dəyişikliklər təbii olaraq ölkənin xarici siyasətində müəyyən taktiki yeniliklərə səbəb ola bilər. Bununla belə, Londonun Azərbaycanla münasibətlərinin əsasında dayanan strateji maraqlar kifayət qədər möhkəmdir və hökumət dəyişikliyi bu münasibətlərin mahiyyətini dəyişdirəcək amil kimi qiymətləndirilməməlidir. Xüsusilə enerji təhlükəsizliyi, investisiyalar, yaşıl enerji layihələri və regional sabitlik sahəsində iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlıq mövcuddur.
“Azərbaycan Böyük Britaniya üçün Cənubi Qafqazda etibarlı tərəfdaş olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biridir. Britaniya şirkətlərinin, xüsusilə enerji sektorunda uzunmüddətli fəaliyyəti iki ölkə arasında iqtisadi tərəfdaşlığın strateji xarakter daşıdığını göstərir. Hesab edirəm ki, yeni hökumət də bu reallığı nəzərə alacaq və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın davam etdirilməsində maraqlı olacaq”, – deyə deputat bildirib.
O vurğulayıb ki, Cənubi Qafqaz siyasəti baxımından Böyük Britaniyanın regionda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın möhkəmlənməsini dəstəkləməsi həm regional, həm də beynəlxalq maraqlara uyğundur. Əgər London balanslı və beynəlxalq hüquqa söykənən siyasət yürüdərsə, bu, Azərbaycan–Böyük Britaniya münasibətlərinin daha da inkişafına, eləcə də regionda davamlı sülh prosesinə müsbət təsir göstərə bilər.
İradə Cəlil, Bizimyol.info






