Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya və Böyük Britaniya 2 min kilometrlik yeni raket hazırlayacaq
Almaniya və Böyük Britaniya 2 min kilometrlik yeni raket hazırlayacaq

Almaniya və Böyük Britaniya 2034-cü ilədək uçuş məsafəsi 2 min kilometr olan yeni qanadlı raket hazırlamağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, "Die Welt" qəzetinin məlumatına görə, layihə "Deep Precision Strike" (DPS) proqramı çərçivəsində həyata keçiriləcək.

Mənbələrin bildirdiyinə əsasən, proqram Berlin və London arasında müdafiə sahəsində əməkdaşlığın əsas layihələrindən biri hesab olunur. Tərəflər bu təşəbbüsü iki ölkə arasında müdafiə siyasətində “yeni dövrün başlanğıcı” kimi qiymətləndirirlər. Qeyd olunur ki, Böyük Britaniyanın yeni Baş naziri Endi Börnemin rəhbərliyi ilə hərbi əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir.

DPS konsepsiyası düşmənin arxa cəbhəsində yerləşən hədəflərə yüksək dəqiqliklə zərbələr endirmək məqsədi daşıyır. Nəşr yazır ki, proqram NATO-nun iyul ayında Ankarada keçirilən sammitində təxminən 35 milyard avro dəyərində, Böyük Britaniyanın rəhbərliyi altında 12 üzv ölkənin iştirakı ilə həyata keçiriləcək layihə kimi təqdim olunub. Almaniyaya isə bu proqramda əsas rollardan biri həvalə edilib.

Layihənin texniki detalları məxfi saxlanılır. Məlumata görə, maliyyələşdirmənin əsas hissəsini Almaniya təmin edəcək, Böyük Britaniya isə texnoloji həllərlə layihəyə töhfə verəcək. London proqramın 2024-cü ildə imzalanmış niyyət bəyannaməsindən rəsmi mərhələyə keçirilməsini və bunun mümkün qədər 2027-ci ildə reallaşmasını istəyir. Yeni raketin silahlı qüvvələrin arsenalına 2034-cü ildə daxil olması planlaşdırılır.

Hazırda iki variant nəzərdən keçirilir: aşağı hündürlükdə uçan qanadlı raket və səs sürətini beş dəfə üstələyən hipersəs raketi.

Nəşrin qiymətləndirməsinə görə, DPS layihəsi Avropanın ABŞ-dan hərbi asılılığının tədricən azalmasının simvoluna çevrilə bilər. Hazırda NATO daxilində uzaqmənzilli yüksək dəqiqlikli zərbə imkanlarında əsas üstünlük ABŞ-a məxsusdur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »