Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial media böyüdükcə peşəkar jurnalistika niyə daha vacib olur?
Sosial media böyüdükcə peşəkar jurnalistika niyə daha vacib olur?

İnformasiya əsrində medianın gücü xəbərin sürətində deyil, onun etibarlılığındadır. Cəmiyyət yalnız məlumat almaq deyil, həm də həmin məlumatın doğruluğuna inanmaq istəyir və bu etimadı formalaşdıran əsas amil peşəkar jurnalistikadır. Rəqəmsallaşma media üçün yeni imkanlar açsa da, dezinformasiya və manipulyasiya risklərini də artırdığı üçün jurnalistin məsuliyyəti daha da böyüyür.

Aktual media məsələləri ilə bağlı Bizimyol.info portalının suallarını Milli Məclisin deputatı Elnarə Akimova cavablandırıb.

- Elnarə xanım, son illərdə Azərbaycanda fikir, söz və məlumat azadlığının inkişafını necə qiymətləndirirsiniz? Bu azadlıqlarla milli təhlükəsizlik və ictimai sabitlik arasında sağlam tarazlıq necə qorunmalıdır?

- Fikir, söz və məlumat azadlığı demokratik cəmiyyətin əsas prinsiplərindəndir. Azərbaycanda son illər rəqəmsal medianın inkişafı, internet resurslarının genişlənməsi və informasiya əldə etmək imkanlarının artması bu sahədə yeni imkanlar yaradıb. Eyni zamanda, müasir dövr informasiya təhlükəsizliyi, dezinformasiya və kibertəhdidlər kimi yeni çağırışlar da ortaya çıxarıb. Ona görə də söz azadlığı ilə milli təhlükəsizlik arasında düzgün tarazlığın qorunması vacibdir. Bu tarazlıq yalnız qanunun aliliyi, peşəkar jurnalistika, məsuliyyətli informasiya siyasəti və vətəndaşların media savadlılığının artırılması ilə təmin oluna bilər.

- Rəqəmsal dövrdə sosial media platformaları və blogerlər milyonlarla insana təsir edir. Sizcə, peşəkar jurnalistika ilə bloger fəaliyyətinin əsas fərqləri nələrdir? Cəmiyyət üçün etibarlı informasiya mənbəyi baxımından hansının məsuliyyəti daha böyükdür?

- Sosial media informasiyanın sürətlə yayılmasına böyük imkan yaradıb. Blogerlər ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar. Lakin peşəkar jurnalistika faktın yoxlanılması, müxtəlif mövqelərin təqdim olunması, etik prinsiplərə və hüquqi məsuliyyətə əsaslanır. Jurnalistin əsas vəzifəsi məlumatı operativ olmaqla yanaşı, dəqiq və obyektiv çatdırmaqdır. Buna görə də cəmiyyət qarşısında hüquqi və peşə məsuliyyəti baxımından peşəkar medianın yükü daha böyükdür. Bununla yanaşı, geniş auditoriyaya təsir edən blogerlər də paylaşdıqları məlumatın doğruluğuna görə ciddi məsuliyyət hiss etməlidirlər.

- Plüralizmin inkişafı üçün bu gün əsas maneələr nələrdir?

- Plüralizm yalnız müxtəlif fikirlərin səsləndirilməsi deyil, həm də qarşılıqlı hörmət və məsuliyyət mədəniyyətidir. Müasir dövrdə dezinformasiya, nifrət nitqi, informasiya manipulyasiyası və cəmiyyətdə etimadın azalması plüralizmin inkişafına mənfi təsir göstərən amillərdəndir. Bu problemlərin həllində media, dövlət qurumları və vətəndaş cəmiyyəti arasında açıq, davamlı və konstruktiv dialoq mühüm əhəmiyyət daşıyır. Etimada əsaslanan əməkdaşlıq həm sağlam informasiya mühitinin formalaşmasına, həm də ictimai həmrəyliyin güclənməsinə xidmət edir.

- Elnarə xanım, sizcə fikir və məlumat azadlığının real vəziyyətini qiymətləndirərkən hansı meyarlar əsas götürülməlidir?

- Bu sahənin qiymətləndirilməsi kompleks yanaşma tələb edir. Əsas meyarlar sırasında məlumat əldə etmək imkanları, peşəkar medianın fəaliyyəti, hüquqi təminatlar, rəqəmsal mühitin inkişafı, vətəndaşların sərbəst fikir ifadə etmək imkanları və jurnalistlərin peşə fəaliyyətini həyata keçirməsi dayanır. Eyni zamanda, hər bir ölkənin milli təhlükəsizlik maraqları, konstitusion prinsipləri və özünəməxsus reallıqları nəzərə alınmalıdır. Beynəlxalq standartlarla milli maraqlar arasında uyğunluq yalnız qanunun aliliyi, şəffaf institutlar və məsuliyyətli informasiya siyasəti vasitəsilə təmin oluna bilər.

- Son dövrlər demək olar ki, bütün xəbər saytlarında yazı sayı kəskin artıb, lakin eksklüziv xəbər, araşdırma və analitik materialların azaldığı barədə fikirlər səslənir. Bu tendensiya medianın gələcəyinə necə təsir göstərə bilər?

- Mən hesab edirəm ki, medianın əsas missiyası xəbərin sayını artırmaq deyil, onun keyfiyyətini təmin etməkdir. İnformasiya bolluğu şəraitində cəmiyyət ən çox etibarlı, yoxlanılmış, analitik və ictimai əhəmiyyət daşıyan materiallara ehtiyac duyur. Səthi xəbərlər qısa müddətdə oxucu cəlb edə bilər, lakin uzunmüddətli perspektivdə media institutuna olan etimadı zəiflədir. Medianın gələcəyi məhz eksklüziv xəbərlərin, araşdırma jurnalistikasının, dərin təhlillərin və peşəkar analitikanın inkişafından keçir. Süni intellekt adi xəbərləri sürətlə istehsal edə bilər, lakin faktı araşdırmaq, səbəb-nəticə əlaqəsini izah etmək və ictimai maraqları qorumaq yenə də peşəkar jurnalistikanın əsas üstünlüyü olaraq qalacaq.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Son xəbərlər
Bütün xəbərlər »