Azərbaycan vətəndaşları son illər əmək miqrasiyası üçün Avropanın bir sıra ölkələrinə pənah aparır. Konkret rəsmi statistika açıqlanmasa da, səfirliklərin hesabatları Polşaya üz tutanların çoxluğundan xəbər verir. Azərbaycanlılar bu ölkələrdə daha çox xidmət sektorunda yer alırlar. Müxtəlif fabriklərdə, iaşə müəssisələrində bizimkilərə rast gəlmək mümkündür. Hətta kiçik qəsəbələrdə azərbaycanlı ictimai nəqliyyat sürücüləri var.
Bizimyol.info xəbər verir ki, Polşada işləmək daha əvvəlki qədər sərf etmir. Burada yaşayan azərbaycanlılar ümumi vəziyyətdən gileylənirlər. Cavanşir Məmmədzadə deyir ki, son dövrlər Polşanı tərk edən azərbaycanlı çoxdur:
“Birinci səbəb sənədləşmə prosesinin çox vaxt aparmasıdır. Yaşayış hüququ kartını aylarla, bəzən bir ildən çox gözləmək lazım gəlir. Ailə birləşməsi mürəkkəbləşib. Bir də görürsən ki, anaya viza verilmir, amma uşaqlara verilir. Ailə başçısı lap çarəsiz vəziyyətə düşür. Axırda Azərbaycana qayıtmalı olur. Polşada iş icazəsi məsələlərinə həssas yanaşırlar. İşi dəyişəndə proses rahat başa gəlmir. Bu məsələlər adamı çox yorur”.
Cavanşir Məmmədzadə polyak dilini öyrənməyin asan olmadığı düşünür. Bununla belə, lazımu mühit seçməklə istəyə çatmaq olar:
“Polyak dili dünyanın ən çətin 10 dilindən biri hesab olunur. Az-çox rusca danışdığımızdan, elə bilirik ki, bu dili də asanca mənimsəyəcəyik. Axı polyak dili slavyan dillərindəndir. Amma düşündüyümüz kimi olmur. Bizimkilər burada çox əziyyət çəkir. Həm də ona görə ki, daha çox azərbaycanlılarla, uzağı ukraynalılarla ünsiyyətdə olurlar. Yerlilərlə çox danışamaq lazımdır”.
Polşada istədiyi həyatı yaşamayanların az hissəsi ölkəyə qayıdır. Daha çox Qərbi Avropaya getməyə çalışırlar. Həmvətənimiz burada məvacibin əsas rol olduğunu dilə gətirir:
“Almaniya, Belçika, Niderlanddakı maaşı burada gözləməyə dəyməz. İki-üç dəfə fərq var. Amma Avropanın qərbinə gedənlərin əksəri də qanuni yolla işləmir. Polşa, Lita vizası ilə gedirlər. Sadəcə, burada bir saata 25-28 zlotı almaq sərf etmir”.
Cavanşir Məmmədzadə bir məsələ haqqında açıq danışmalı olduğumuzu düşünür: “Polşada millətçilik var. İllərlə bu ölkədə yaşayan azərbaycanlılarla söhbət edirəm, təsdiqləyirlər. Bir müddət əvvəl soydaşımıza hücum da olunmuşdu. Xüsusilə bu məsələ azərbaycanlıların Polşada uzun müddət qalmaq istəyini azaldır”.
Polşada yaşayan başqa azərbaycanlılar da bu problemləri qabardır. Orxan Əlizadə yazır ki, ayda təxminən 160 saat işləyirsən, bu isə 1700 manat civarında maaş deməkdir: “Bunun üçün Polşaya gəlməyə dəyməz”.
Nicat Cəfərov bürokratiyanın çəkilməz yük olduğunu bildirir. Nəsir Məlikov məhz sənədləşmənin adamı çox əldən saldığını qeyd edir. “Bir işə sənəd təqdim edəndə xüsusi vurğulayıram ki, Polşa vətəndaşı ilə evliyəm. Yoxsa məsələ qəlizləşir”.Həmzə İsmayılov Polşada yüksək qazanc üçün çox işləmək lazım gəldiyini, amma 8 saatdan artığına icazə verilmədiyini bildirir.
Aytən, Bizimyol.info






