Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İpoteka kreditlərinin mənzil bazarında cüzi payı: Məbləğ də azdır, say da
İpoteka kreditlərinin mənzil bazarında cüzi payı: Məbləğ də azdır, say da

Gənclərin ailə həyatı qurmaqda qarşısına çıxan maneələrdən biri mənzilə sahib olmaması, belə perspektivin gözlənilməməsidir. Bu istiqamətdə sorğular az aparılır. Amma sosial mediada nikahların sayının azalması ilə bağlı xəbərlərin rəy bölümündə bundan çox söz açılır. Gənclər mənzil bazarına yaxın dayana bilmir. Qiymətlər çox yüksəkdir.

Bizimyol.info xəbər verir ki, 2006-cı ildən bəri İpoteka və Kredit Zəmanəti Fondu 59 mindən bir qədər çox mənzilin alınmasında vasitəçi olub. Mənzil sahibi olan ailələrin 67 faizini gənclərin təşkil etdiyi bildirilir. Bunun üçün indiyə qədər 3,98 milyard manat ayrılıb.

İpoteka kreditlərinin mənzil bazarındakı payı bizə çox görünməsin. Bir çox ölkələrlə müayisə aparanda bu kredit istiqamətinin insanların işinə çox yaramadığı müəyyənləşir. Böyük Britaniyada mənzillərin yalnız 38 faizi vətəndaşların şəxsi vəsaiti hesabına alınır. Mənzillərin 45 faizində ipoteka krediti əsas rol oynayır. Əlbəttə, başqa kredit növləri də var. Amma Böyük Britaniyada əhalinin daha çox hissəsi ipoteka krediti sayəsində istəyinə çatır.

Almaniyada kirayə evlərdə yaşamaq populyardır. Amma mənzil alanların əksəriyyəti ipoteka krediti olmadan vacib addımı atmır. ABŞ-da ev alanlar arasında ipoteka kreditinə müraciət edənlərin sayı isə 60 faizə çatır.

Son məlumata görə, Azərbaycanda 1 milyon 419 min mənzil var. Belə çıxır ki, ölkədəki mənzillərin yalnız 4 faizi ipoteka kreditinin hesabına əldə edilib. Son bir ildə cəmi 2242 mənzil bu kredit istiqamətinin predmeti olub. Olduqca aşağı göstəricilərdir.

Məbləğin azlığı isə ayrıca dərddir. Maksimum 150 min manat əldə etmək mümkündür. İpoteka krediti, demək olar, bütün hallarda ailələrə verilir. Məsələn, paytaxtın kənar yerlərində belə, sovet binasındakı üçotaqlı mənzili 200 min manatdan ucuz almaq olmur. Əlbəttə, ikiotaqlı almaq olar, amma yalnız yeni tikililərdə. Ağır ipoteka yükünü çiyninə götürən ailə yaşayış sahəsinin kiçikliyi ilə razılaşmaya bilər. Bu da çox təbiidir. Yeni tikililərdə ikiotaqlı mənzilin qiyməti isə 200 min manatdan bütün hallarda bahadır.

İpoteka məsələsində də işsizlik və ya rəsmi iş yerinin olmaması özünü göstərir. Şərtlər getdikcə ağırlaşır. Gənclərin mənzil sahibi olması üçün xüsusi proqramlara ehtiyac var. Həm məbləğ, həm də təklif olunan mənzil planı çox azdır. İpoteka krediti mənzil bazarında olduqca zəif təsir bağışlayır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »