Dahi Üzeyir Hacıbəylinin çox məşhur bir satirik felyetonu. Xatırladınız: "Müsəlman məclisi".
İnsanlar xırda-xuruş məsələləri dartışırlar, mahiyyət qalır qıraqda.
Bu, bizim problemimizdir; hələ ki (hələ də!) həll edib bitirməmişik.
Sovetlərdən üzübəri özümüzə Üzeyir Hacıbəylisayağı baxdım və bir əsrlik dövrə dair bir fikrə gəldim. Onu sizinlə bölüşmək istəyirəm.
O nədir?!
Sovet dövründə tək bircə nəfər danışırdı, əslində heç nə demirdi, amma hamı qulaq asırdı.
Sovetlər dağılanda, milli hərakat dövründə, yəni "siyasi romantizm" mərhələsində hamı bir-bir danışırdı və hamı hər şeyi deyirdi, hamı da qulaq asırdı. İndi eyni vaxtda hamı danışır, amma heç kim heç nə demir və... heç kim də qulaq asmır.
Bilirsiniz, niyə heç birimiz heç nə eşitmirik?! Ona görə ki, hamımız danışırıq.
Qəribədir, səsimiz əlimizdən alınır, səs çıxarmırıq, səsdən, Sözdən yetim qalırıq - boynubükük yaşayırıq. Cınqırımız da çıxmır. Böyük haqsızlıqlarla qarşılaşanda heç yerə səs salmırıq, ancaq xırda məsələlər üstündə gecə-gündüz səs-küy salırıq.
İnciməyin, elə biz də sizlərdən biriyik; heç də hamıdan fərqli deyil bu sətirlərin müəllifi.
Bu, bir replikadır. Əslində günün rəsmidir. Bilmirəm, kim hara yozacaq. Kim mətləbi hara çəksin-çəksin. Nəticə - tablo dəyişmir: biz oxuyan və düşünən millət idik (pis-yaxşı). İndi danışan və dinləməyən çoxluğa çevrilmişik.
... Odur ki, deməyin: "Uşaqlar bizim gələcəyimizdir".
Uşaqlara nə gələcək qoyduq ki?! Bizdən acgöz nəsillər yoxmuş; gələcək nəsillərə heç nə saxlamadıq. Gələcəyə nəsil saxlamadıq; əliboş kütlə göndəririk.
Məni ən çox incidən, bilirsiniz, nədir?! Yeni yetişən nəslin gülüşünü oğurlamışıq!
Sonra da deyirik, indikilərdə yumor hissi zəifdir...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol.info





