IV Şuşa Qlobal Media Forumu təkcə beynəlxalq media nümayəndələrinin fikir mübadiləsi apardığı platforma deyil, həm də Azərbaycanın xarici siyasət prioritetlərinin, regional baxışının və qlobal əməkdaşlıq strategiyasının dünyaya təqdim olunduğu mühüm siyasi tribunaya çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyət tərəfindən xüsusi diqqətlə izlənildi. Dövlət başçısının Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin tarixinin ən yüksək mərhələsinə çatdığını bəyan etməsi təkcə diplomatik qiymətləndirmə deyil, həm də yeni geosiyasi reallığın ifadəsi kimi qəbul olunmalıdır.
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu bəyanat göstərir ki, son illərdə Bakı ilə Vaşinqton arasında formalaşan siyasi dialoq artıq taktiki əməkdaşlıq çərçivəsini geridə qoyaraq uzunmüddətli strateji tərəfdaşlıq modelinə doğru irəliləyir. Qarşılıqlı yüksək səviyyəli təmaslar, iqtisadi əməkdaşlığın genişlənməsi, enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-kommunikasiya layihələri və təhlükəsizlik məsələləri üzrə intensiv məsləhətləşmələr bunu təsdiq edən əsas amillər sırasındadır.
“Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti olmaqla yanaşı, Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji mərkəzə çevrilib. ABŞ da regionda sabitliyin qorunmasını, enerji marşrutlarının təhlükəsizliyini və yeni iqtisadi dəhlizlərin inkişafını prioritet hesab edir. Bu baxımdan Bakı ilə Vaşinqton arasında maraqların əhəmiyyətli dərəcədə üst-üstə düşməsi münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəlməsini şərtləndirir.
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu ölkəmizi müxtəlif qlobal güclər arasında etibarlı tərəfdaş kimi tanıdıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan çoxşaxəli diplomatik strategiya nəticəsində Azərbaycan həm Qərb, həm Şərq, həm də İslam dünyası ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa nail olub. ABŞ ilə əməkdaşlığın dərinləşməsi də məhz bu müstəqil və milli maraqlara söykənən siyasətin məntiqi nəticəsidir”, – deyə politoloq bildirib.
Nicat İsmayılov vurğulayıb ki, enerji təhlükəsizliyi Azərbaycan–ABŞ əməkdaşlığının əsas sütunlarından biri olaraq qalır. Azərbaycanın zəngin enerji ehtiyatları və ixrac infrastrukturunun etibarlılığı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. ABŞ uzun illərdir Xəzər hövzəsinin enerji resurslarının dünya bazarına alternativ marşrutlarla çıxarılmasını dəstəkləyən dövlətlərdən biridir. Bu gün isə əməkdaşlıq artıq ənənəvi neft və qaz layihələrindən kənara çıxaraq yaşıl enerji, bərpaolunan enerji mənbələri, hidrogen texnologiyaları və enerji keçidi istiqamətlərini də əhatə etməyə başlayıb.
“Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən "yaşıl enerji zonası" layihələri ABŞ şirkətləri üçün də yeni investisiya imkanları yaradır. Bu istiqamətdə texnologiya transferi, innovativ həllər və ekoloji təhlükəsizlik sahəsində tərəfdaşlığın genişlənməsi yaxın illərdə ikitərəfli münasibətlərin əsas istiqamətlərindən birinə çevrilə bilər.
Azərbaycanın yerləşdiyi coğrafi mövqe onu beynəlxalq nəqliyyat-logistika sisteminin ayrılmaz hissəsinə çevirib. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artması və yeni logistika imkanlarının yaranması ABŞ-ın da iqtisadi maraqları ilə uzlaşır. Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında formalaşan yeni iqtisadi əlaqələr fonunda Azərbaycanın tranzit imkanları daha da aktuallaşır. Vaşinqton üçün etibarlı və sabit tərəfdaş olan Azərbaycan bu baxımdan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi strateji əhəmiyyətini artırır”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik və yüksək texnologiyalar da gələcək əməkdaşlığın mühüm istiqamətlərindəndir. ABŞ dünyanın aparıcı texnologiya mərkəzidir və Azərbaycan iqtisadiyyatın rəqəmsallaşdırılması prosesini sürətlə davam etdirir. Bu sahədə investisiyaların cəlbi, innovasiya ekosisteminin inkişafı, startap layihələrinin dəstəklənməsi və rəqəmsal dövlət idarəçiliyi sahəsində birgə proqramların həyata keçirilməsi qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını artırır.
“Müdafiə və təhlükəsizlik sahəsində də tərəfdaşlığın genişlənməsi üçün əlverişli zəmin mövcuddur. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə, enerji infrastrukturlarının mühafizəsi, sərhəd təhlükəsizliyi və dəniz təhlükəsizliyi istiqamətlərində uzun illərdir ABŞ ilə əməkdaşlıq edir. Yeni geosiyasi reallıq fonunda bu əməkdaşlığın daha sistemli xarakter alacağı gözlənilir.
Azərbaycanın regional sabitlik siyasəti də Vaşinqtonun maraqları ilə uyğunluq təşkil edir. Qarabağ münaqişəsinin başa çatmasından sonra Cənubi Qafqazda yaranmış yeni reallıq regionun iqtisadi inteqrasiyası üçün mühüm imkanlar açıb. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi, kommunikasiyaların açılması təşəbbüsləri və regional əməkdaşlıq çağırışları beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. ABŞ-ın bu proseslərə konstruktiv yanaşması regionda uzunmüddətli sabitliyin möhkəmlənməsinə töhfə verə bilər”, – deyə Nicat İsmayılov vurğulayıb.
O bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29-a ev sahibliyi təcrübəsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallığı və beynəlxalq humanitar təşəbbüsləri ölkəmizin qlobal nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. ABŞ üçün beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaşlarla əməkdaşlıq mühüm prioritet olduğundan, Azərbaycanın artan beynəlxalq çəkisi ikitərəfli münasibətlərə də müsbət təsir göstərir.
Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi regionun geosiyasi mənzərəsinə də ciddi təsir göstərə bilər. İlk növbədə, Cənubi Qafqazda sabitlik və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Xarici investisiyaların həcmi artacaq, beynəlxalq maliyyə institutlarının regiona marağı güclənəcək, enerji və nəqliyyat layihələrinin coğrafiyası genişlənəcək. Bununla yanaşı, Azərbaycanın beynəlxalq diplomatik nüfuzu daha da möhkəmlənəcək və ölkəmizin qlobal qərarların qəbulunda rolu artacaq.
Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan bütün tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqlar prinsipi əsasında qurur. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursu ölkəmizin heç bir geosiyasi blokun alətinə çevrilmədən bütün aparıcı güclərlə səmərəli əməkdaşlıq etməsinə imkan yaradır.
“Şuşadan səsləndirilən mesaj həm regiona, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış strateji siyasi bəyanat kimi qiymətləndirilə bilər. Bu mesaj göstərir ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində təşəbbüs irəli sürən, etibarlı tərəfdaş kimi qəbul edilən və qlobal proseslərə təsir göstərmək imkanına malik dövlətdir. ABŞ ilə münasibətlərin yeni mərhələyə yüksəlməsi isə təkcə iki ölkə arasında əməkdaşlığın genişlənməsi deyil, həm də Cənubi Qafqazın gələcək inkişafına, regional təhlükəsizliyin möhkəmlənməsinə və Avrasiya məkanında yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edən mühüm geosiyasi hadisə kimi tarixə düşə bilər”, – deyə o əlavə edib.
İradə Cəlil, Bizimyol.info






