Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “İrşad Electronics” MMC barəsində “Reklam haqqında” Qanunun 6.1.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edib.
Bu barədə Plat.az-a Agentlikdən bildirilib.
Bildirilib ki, şirkət reklam qanunvericiliyinin tələblərini pozub və qanun pozuntusu 10 iyun 2026-cı ildə qeydə alınıb. Pozuntu reklamı qadağan edilən məhsul, texnika və ya xidmətlərin reklamı, yaxud reklamın yayılması qaydalarının pozulması ilə bağlıdır.
Fakt üzrə İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi tətbiq olunub. Bu maddəyə görə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək cərimə tətbiq olunur.
Qeyd edək ki, “İrşad” 2000-ci ildə “I&R Telecom” adı ilə fəaliyyətə başlayıb. Şirkət 2007-ci ildə “İrşad Telecom”, 2018-ci ildə “İrşad Electronics” adını qəbul edib, 2021-ci ildən isə “İrşad” brendi ilə fəaliyyətini davam etdirir.
Şirkətin rəsmi məlumatına görə, hazırda Bakıda 26, bölgələrdə isə 31 olmaqla ümumilikdə 57 mağazası və üç servis mərkəzi fəaliyyət göstərir. Şəbəkədə 800-dən çox əməkdaş çalışır.
Nizamnamə kapitalı 10 manat olan “İrşad Electronics” MMC-nin direktoru Aris Şıxəliyevdir. Şirkət Apple, Samsung, Xiaomi, HONOR, Tefal, Beko və Philips kimi brendlərin Azərbaycanda rəsmi tərəfdaşı olduğunu bildirir.
2022-ci ildə mobil telefon bazarında aparılan araşdırma zamanı tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “İrşad Electronics” barəsində iş qaldırılıb və şirkətə maliyyə sanksiyası verilib.
2024-cü ildə isə şirkətin qüsurlu malı dəyişdirməkdən və ya geri qəbul etməkdən imtina etdiyi müəyyənləşdirilib.






