Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Estetik" reklamın əritdiyi "beyin" - Aktyora təşəkkür, izləyənə alqış, anlayana söz...
"Estetik" reklamın əritdiyi "beyin" - Aktyora təşəkkür, izləyənə alqış, anlayana söz...

Uzun-uzadı yazmayacağam. Ekran sürüşdürməklə qısa mətnlərə göz gəzdirən, 50 işarədən çox başlıq oxuyan, az qala 50 səhifəlik şərh yazan izləyici "küt"ləsinin böyüdüyü internet məkanında... Bu cümlənin özü də uzun oldu.

Qısaca, əsas mövzuya gələk. Gündəmə gələn reklam çarxının detallarından, ona gələn fərdi və ya kütləvi reaksiyalardan danışmayacağam. Heç şəxsi fikrimi də bölüşməyəcəm. "Böyük beyinlər ideyaları (fikirləri), orta beyinlər hadisələri, kiçik beyinlər isə insanları müzakirə edir" deyib, ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı, "Nüvə Sualtı Qayıqlarının Atası" kimi tanınan Hayman Corc Rikover. Bu yazı "üç beyin"ə ünvanlanacaq.

Ssenari yazılıb, aktyor-aktrisa seçilib, reklam çəkilib, yaxşı-pis reaksiya alıb. Reklamda səsləndirilən ifadələrə qarşı reaksiyalardan "təsirlənən" şirkət reklam çarxını öz səhifəsindən sildi və ictimai qınağa qarşı "üzr" ətirli izahat mesajı paylaşdı. Aktyor da öz səhifəsində reklam çarxının "reklamsız" formasını yayımladı. Sosial şəbəkədə və mediada bilən-bilməyən, anlayan-anlamayan - qısaca, çox sayda insan bu reklamdan "reklam" tutmağa çalışdı. Dəstək göstərən də oldu, badalaq verməyə çalışan da. Bura qədər hamı bilir.

Gündəmə gətirilən, "gündəmdə yer tutmağa çalışılan" mövzu reklamdakı qadının xarici görünüşü üzərindən "təsvir", şirkətin reklam mətninə verdiyi icazə, aktyorun "səhv" yanaşması... Uzatmayım, bilən bilir. Araşdırmaçı-jurnalist Pəri Abbaslının da işarə etdiyi əsas mövzu gündəmdən kənarda qaldı. Qadına qarşı bu qədər həssas, diqqətcil insan sosial şəbəkədə reallıqdan uzaq həyat yaşayır, sanki. "Estetik" reklamın əritdiyi "beyin"lərdən gələn siqnallar niyə cəmiyyətin statistikaya çevrilən probleminə "çatmır"? Qadına qarşı fiziki, psixoloji, maddi, mənəvi, cinsi və araşdırmağa ərinilən bütün növlərdəki zorakılıqlara "diqqət" haradadır? Adiləşən statistikadan danışmayacağam. Saytlarda yayımlanan statistik xəbərlər və sosial şəbəkələrdə "qeyrət" çərçivəsinə salınan paylaşımlara reaksiya verməyi "bacaran"... Çox uzandı, qısaca: virtual reallığın qış yuxusuna getmiş insanları bir reklamın real insanları oyatdı, demək olar. Saxta profillərlə yazılan "qaranlıq fikirlər" reklamdakı gerçəkliyin işığında söndü. Süni "diqqətcil" davranışlara, təbii gülümsəməni gördük, demək olar. Olar, ya olmaz?!

Alqışlamağa alışmış əllər yazmağa davam etsin, bizim səssizliyimizin səsi daha gur çıxar. Daralmış düşüncələrə "siqnal verən" aktyora təşəkkür, izləyənə - izləyici qalana alqış düşür. Sözüm anlayana...

Orxan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »