ABŞ Prezidenti Donald Tramp İranın danışıqlarda əldə olunan razılaşmadan qısa müddət sonra geri çəkildiyini və bunun ardınca pilotsuz uçuş aparatı ilə ticarət gəmisinə hücum həyata keçirdiyini iddia edib. Tramp Vaşinqtonun buna cavab olaraq İrana qarşı yeni zərbələr endirdiyini bildirib və Tehranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edərək boğazın açıq qaldığını vurğulayıb. Bu açıqlamalar ABŞ-İran gərginliyinin yenidən yüksəldiyini göstərir.
- ABŞ-İran münasibətlərində yenidən artan bu gərginlik Yaxın Şərqdə təhlükəsizlik və enerji bazarlarına necə təsir göstərə bilər?
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında yaranan gərginliyin miqyası artıq daha da genişlənir.
O bildirib ki, dünən də tərəflər arasında toqquşmalar baş verib və hər iki tərəf bir-birini müxtəlif məsələlərdə ittiham edir.
Politoloqun fikrincə, görünən odur ki, müharibə tam dayanmayıb: "Sonuncu dəfə əldə olunan atəşkəs və ya müharibənin dondurulması da əslində qarşıdurmanın yenidən başlaması ehtimalını gücləndirirdi. Artıq o zaman da bəlli idi ki, müharibə riski yüksək olaraq qalır və proses yenidən hərbi müstəviyə keçə bilər. Bunun əsas səbəbi ABŞ-ın qarşıya qoyduğu məqsədlərə nail ola bilməməsidir. Vaşinqtonun əsas hədəfi İranın nüvə proqramını tamamilə sıradan çıxarmaq, uzaqmənzilli raket proqramını məhv etmək və mümkün olarsa, İranda hakimiyyət dəyişikliyinə nail olmaq idi. Lakin ABŞ bu məqsədlərin heç birini reallaşdıra bilmədi. Əksinə, qarşısında daha aqressiv mövqe nümayiş etdirən İran gördü".
Politoloq bildirib ki, hazırda İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlindədir və ölkənin idarə edilməsində əsas söz sahibi məhz SEPAH komandanlığıdır. Onun fikrincə, bu, vəziyyətin daha da gərginləşməsinə şərait yaradan əsas amillərdən biridir. Çünki daha sərt və dəyişməz mövqeyə malik qüvvələr İranda ön plana çıxıblar.
Zeynal Əmrəliyev bildirib ki, digər mühüm məqam İranın daxilində mövcud olan fikir ayrılıqlarıdır. Onun sözlərinə görə, Prezident Məsud Pezeşkianla hərbi rəhbərlik arasında, xüsusilə ABŞ-la danışıqlar məsələsində ciddi fikir ayrılıqları var.
O deyib ki, ordu rəhbərliyi danışıqların aparılmasını qəbul etmir və bu istiqamətdə ciddi narazılıqlar müşahidə olunur.
Politoloqun sözlərinə görə, ABŞ daxilində də İran siyasəti ilə bağlı vahid mövqe yoxdur. O bildirib ki, bir tərəf, xüsusilə Dövlət Departamentindəki müəyyən dairələr İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasının tərəfdarıdır. Ağ Ev isə nisbətən daha ehtiyatlı mövqe nümayiş etdirir.
Onun fikrincə, vitse-prezident J.D. Vens də müəyyən mənada İranla danışıqların davam etdirilməsinin tərəfdarıdır.
"Bütün bunları nəzərə aldıqda, müharibənin yenidən başlaması ehtimalı kifayət qədər yüksəkdir. Donald Tramp da artıq danışıqlar yolu ilə real nəticə əldə etməyin mümkünsüz olduğunu bildirmişdi.
Əgər proses bu istiqamətdə inkişaf etsə və hərbi əməliyyatlar yenidən başlasa, bu, Yaxın Şərqdə gərginliyi daha da artıracaq. Bunun fonunda dünya enerji bazarında, xüsusilə neft qiymətlərində növbəti bahalaşma dalğası müşahidə oluna bilər", – deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






