Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı daxilində strateji sabitliyin təmin edilməsi üçün üzv ölkələrin öz silah və müdafiə texnologiyalarının istehsalını artırmasının vacibliyini bəyan edib. O bildirib ki, Ukrayna müharibəsindən düzgün nəticələr çıxarmaq və Avropanın müdafiə imkanlarını gücləndirmək zəruridir.
Bizimyol.info xəbər verir ki, Makron bu fikirləri Yelisey sarayının mətbuat xidməti tərəfindən canlı yayımlanan Fransa Silahlı Qüvvələrinə müraciəti zamanı səsləndirib.
Makron vurğulayıb ki, mövcud təhlükələr fonunda Avropanın bütün müdafiə sənayesi tam səfərbər olmalı, vaxtında etibarlı hərbi texnika istehsalına keçid etməyi bacarmalı və zərurət yarandıqda müəyyən silah növlərini kütləvi şəkildə istehsal etməyə hazır olmalıdır.
“Ukraynadakı müharibə və milli strateji icmal zamanı müəyyən edilmiş risklər açıq şəkildə göstərir ki, bu gün Avropada strateji sabitliyi artıq silah ehtiyatlarının həcmi deyil, onların istehsal imkanları müəyyən edir. Potensial rəqibləri mövcud arsenal deyil, həmin silahları sürətlə istehsal etmək qabiliyyəti çəkindirəcək”, – deyə Fransa lideri bildirib.
Makron etiraf edib ki, perspektivli döyüş aviasiya sistemi "SCAF/FCAS" layihəsi çərçivəsində Fransa və Almaniyanın yeni nəsil qırıcı təyyarəsinin hazırlanması proqramı uğursuzluqla nəticələnib. Bununla belə, o qeyd edib ki, bu vəziyyət gələcək layihələrdən imtina etmək üçün əsas deyil.
Fransa Prezidenti əsas döyüş tankının, müasir hava hücumundan müdafiə sistemlərinin, o cümlədən "SAMP-T NG" zenit-raket kompleksinin, erkən xəbərdarlıq sistemlərinin, eləcə də Fransanın qəbul etdiyi “təkmilləşdirilmiş çəkindirmə” strategiyasına uyğun uzaqmənzilli zərbə vasitələrinin hazırlanmasının davam etdirilməsinə çağırıb.
Makronun sözlərinə görə, müdafiə sənayesi müəssisələri daha çox risk götürməyə, istehsalı sürətləndirməyə və Avropa proqramları ilə maliyyələşdirmə mexanizmlərindən daha fəal istifadə etməyə alışmalıdır. O əlavə edib ki, bu yanaşma kosmik sənayeyə də şamil olunmalıdır.
Prezident bildirib ki, sentyabr ayında keçiriləcək sammit bu sahədə irəliləyişə təkan verəcək. Bununla yanaşı, o, Avropanın birgə peyk qruplaşmalarının yaradılması, ortaq innovasiya layihələrinin həyata keçirilməsi və vahid Avropa standartlarının formalaşdırılması istiqamətində işlərin daha da sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Bizimyol.info






