Yəmənin Mülki Aviasiya və Meteorologiya Baş İdarəsi ölkənin bütün hava limanlarının növbəti bildirişədək hava nəqliyyatı üçün bağlanması barədə təcili qərar qəbul edib.
Bizimyol.info xəbər verir ki, qurumun yaydığı bəyanatda bildirilir ki, Yəmən Respublikasının hava limanlarına uçuş həyata keçirən və ya bu hava limanlarından reyslər yerinə yetirən bütün aviaşirkətlər və beynəlxalq təşkilatlar qərar barədə məlumatlandırılıb. Qərar dərhal qüvvəyə minib.
Bundan əvvəl Yəmənin Müdafiə Nazirliyi Səna hava limanının uçuş-eniş zolağına zərbə endirildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, məqsəd İrana məxsus təyyarənin hava limanına enişinin qarşısını almaq olub.
Müdafiə Nazirliyi bildirib ki, husilərin "Ənsar Allah" hərəkatı Yəmənin milli aviasiyasına paytaxt hava limanından istifadəni qadağan etsə də, İran təyyarəsinin ölkə ərazisinə daxil olmasına icazə verib.
Öz növbəsində husilər Səna hava limanına endirilən zərbələrə görə məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyublar. Husilərin nəzarətində fəaliyyət göstərən Xarici İşlər Nazirliyi isə hücumu "müharibə elan edilməsi" kimi qiymətləndirərək gərginliyin azaldılması mərhələsinin başa çatdığını bəyan edib.
Bizimyol.info






