Ənənə halını alımış Qlobal Media Forumu hər dəfə yeni maraqlı və önəmli mesajlarla yadda qalır. Hətta, əvvəlki yazımda yazdığım kimi, bu Forum dünyanın gündəmini dalğalandırır, mediaya, media mütəxəssislərinə, ekspert dairələrinə çoxlu yeni mövzular verir, düşüncəyə qida, hərəkət üçün güc verir.
Yəqin ki, 2024-cü ildə keçirilmiş Forumda Prezident İlham Əliyevin ABŞ-dakı seçkilərə münasibətini xatırlayırsınız. Bu barədə Mixail Qusmanın sualına cavab olaraq, Prezident birbaşa olmasa da, dolayısı ilə Donald Trampın prezident seçiləcıyinə işarəbetmişdi. Bunu proqnoz kimi qəbul edənlər də çox olmuşdu. Sonralar bu proqnozlar doğrulanda, həmin Forumu və həmin çıxışı media da, ekspert dairələri də dəfələrlə xatırlatdılar.
Bir qism bunu belə yozdu ki, Azərbaycan prezidenti dünyada gedən prosesləri də diqqətlə izləyir, vektorları düzgün təhlil edir, o cümlədın, ABŞ-ın daxili siyasəti haqqında də çox dolğun məlumatlar alır, çox dəqiq analizlər aparır və sair. Bir qism insanlar isə prezidentin siyasi trendləri düzgün proqnozlaşdırdığını söylədi. Hər bir halda bu mövzu uzun müddət müzakirə predmeti olmuşdu, indi də yeri gələndə bu mövzuya toxunulur. Eyni zamanda Prezident İlham Əliyev o zaman Donald Trampla oxşar baxışlarına istinad edərək, ABŞ-la münasibətlərin bərpa olunacağına dair gözləntisini açıqlamışdı.
İkinci maraqlı dialoq isə yenə də Şuşa Qlobal Forumundan yayılmış və haqqında çox danışılmışdı, hələ də müzakirə olunur və hələ çox müzakirə olunacaq.
Bu, Ukraynalı jurnalist Dmitri Qordonun prezident İlham Əliyevə sualı və o suala verilmiş cavab idi.
Dmitri Qordonun sualı belə idi: "Uzun illərdir müharibə şəraitində yaşayan və hazırda dövlətinin mövcudluğu təhlükə altında olan Ukraynaya, qalib ölkənin lideri kimi, nə məsləhət verərdiniz?"
Prezident İlham Əliyev belə cavab verdi: "...Mənim məsləhətim Ukrayna vətəndaşlarına – heç vaxt işğalla barışmayın. Biz də məhz bunu etdik".
Doğrudan da, Azərbaycanın qələbəsi, Qordonun dediyi kimi, Ukraynanı "ruhlandıran nümunə oldu".
Bu cavab, sadəcə, siyasi cəsarət, diplomatik məharət deyildi, bu, hər şeydən əvvəl hüquqi ədalətdir. Hərbi təcavüzə məruz qalmış, ərazisinin bir hissəsi işğal olunnuş ölkəyə, o ölkənin xalqına məhz belə bir məsləhət vermək olardı. Hərçənd Azərbaycan prezidentindən fərqli olaraq, işğalçının yanında yer alan, uşaq ölümünə göz yuman, ekzistensial təhlükəni qulaqardıba vuran, şəhərlərin dağıdılmasına, kəndlərin Yer üzündən silinməsinə səssiz qalan, hətta buna ikili standartlarla yanaşan - bir münaqişədə qəsbkarı, bir münaqişədə qurbanı günahlandıran siyasətçilər, dövlət adamları da var. Prezident İlham Əliyev isə Qordonun sualına təkcə siyasi deyil, həm də insanı vicdanın "diqtəsi" ilə cavab vermişdi: bu cür ağrılı suala ağıllı - gerçəkçi xavab vermişdi.
Bu dəfəki Forumda da Prezidentin dilindən - ən mötəbər mənbədən eşitdiyimiz mühüm gerçəklər var. Hələlik yalnız ikisinin üzərində xüsusi dayanmaq istərdim.
Prezident deyib ki, müəyyən dairələr Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi qələbəni kiçiltməyə, mübahisələndirməyə, hətta Azərbaycan xalqının, dövlətinin əlindən almağa çalışıblar.
Prezident bu mənada müharibədən sonrakı dövrün də "müharibə qədər də olmasa" hər halda çətin keçdiyini deyib:
"Çünki müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi, onu qəbul etmək istəməyən kifayət qədər qüvvələr, dövlətlər, dairələr və ayrı-ayrı şəxslər var idi. Bizim ya qələbəmizi əlimizdən almaq, ya onu yarımçıq etmək, ya da Azərbaycanı asılı vəziyyətdə saxlamaq, tam ədalətin bərpasına nail olmayaq deyə müxtəlif fitnələr təşkil edilirdi, biz bütün bunları yaxşı xatırlayırıq".
Prezident Azərbaycanın bu qədər çox çətinliklərdən də keçdiyini açıq və səmimi tərzdə Forumun iştirakçıları ilə paylaşıb. Söhbət postmüharibə dövründə Ermənistanı silahlandırmağa, sülh prosesini bloklamağa, revanşizmi körükləməyə çalışan xarici qüvvələrdən gedir.
Prezident, əlbəttə, Ali Baş Diplonat olaraq, adlar çəkməyib; ad çəkmək, təbii ki, analitiklərin, medianın işidir (hərçənd dövlət başçısı yeri gələndə ad çəkməkdən də heç vaxt çəkinməyib, sadəcə, indiki situasiyada yerinə düşmür).
Hamı yaxşı xatırlayır ki, bu cür əməllərə, niyyətlərə ABŞ-dakı Co Bayden Administrasiyası, Fransa, Hindistan, eləcə də, Avropa İttifaqı (sonuncunun Ermənistanda "müşahidə missiyası" adı altında kəşfiyyat fəaliyyəti məlumdur) düşnüşdülər.
Adlarını çəkdiyimiz və bir sıra başqa xarici dairələr bölgədə hərbi balansı Ermənistanın xeyrinə dəyişərək, yeni gərginliyə, perspektivdə yeni müharibəyə yol açmaq fikrindəydilər. Burda, əlbəttə, Rusiyadan, İrandan gələn impulslar da var idi.
Ona görə 2025-ci ilin avqustun 8-də Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ prezidenti Donald Trampın şahidliyi ilə imzaladığı sənədlər, demək olar, dönüş nöqtəsi oldu.
Bu, Azərbaycanın bənzəri, bərabəri olmayan tarixi diplomatik uğurudur. Prezident Şuşa Media Forumunda məhz bu məsələyə toxunub.
İkinci bir mühüm mesaj (yenə də ekzistensiya məsələsi) Azərbaycanın indiki mürəkkəb geosiyasi müharibələr arasında apardığı xəttlə bağlıdır.
"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr edilmiş lV Şuşa Qlobal Media Forumunda, görün, Prezident nə deyib:
"Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir. Keçmişdə də belə olmuşdur. Keçmişdə bu, siyasi xarakter daşıyırdı. Biz bunun öhdəsindən uğurla gəldik".
AZƏRTAC-ın məlumatına görə, Prezident deyib ki, bu gün "bu avantüralar daha ciddi və təhdidedici xarakter daşıyır."
Ona görə də Prezident milli konsolidasiyanı əsas ideya kimi yenidən önə çəkir. O bildirir ki, Azərbaycan cəmiyyəti ancaq özünə, öz dövlətinə güvənməlidir: "Bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq çətindir, çünki bu, insanların zehnindən və ürəyindən gəlir".
Doğrudur, Azərbaycanda hələ də başqa mərkəzlərin ideoloji təsiri, yaxud gizli diqtəsi altında hərəkət edən insanlar, qruplar var. Ancaq onlar marginal qruplar halında görünürlır, ancaq heç vaxt nəzarətdən kənarda qalmamalıdırlar.
Burada, təbii ki, dövlətin inzibati rıçaqları kifayət etmir. İctimai institutların, o cümlədən, xüsusilə, medianın üzərinə çox ciddi missiya düşür. Həm xarici dairələrin Azərbaycan cəmiyyətini içəridən çökdürməsinin qarşısını almaqda, həm də Azərbaycanı avantüralara qoşmaq cəhdlərinə qarşı durmaqda cəmiyyət və media dövlətin xəttinə dəstək verməlidir.
Təkcə yerli media deyil, həm də nüfuzlu və vicdanlı xarici media. Dünya mediası qlobal güclərin qanlı toqquşmalarını - hibrid savaşları dayandırmaq üçün öz ölkələrinin cəmiyyətlərinə təsir göstərməklə mükəlləfdir. Azərbaycan dünya mediasını hər il Şuşada toplamaqla, məhz bu qlobal yumşaq gücü formalaşdırır. Çünki sülhün təşviqi, həqiqətin bərpası və etimadın yenidən qurulması tək bir ölkənin, bir dövlətin, bir medianın işi deyil. Bu məqsədlər üçün Prezident İlham Əliyevin konsolidasiya çağırışı təkcə Azərbaycanın milli ideyası deyil, həm də qlobal səviyyədə təşəbbüsdür.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin HəziBahəddin Həzi, Bizimyol.info






