İyul ayının 3-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Tədbir Qurultayın Rəyasət Heyətinin fəxri üzvü, görkəmli mütəfəkkir, türk dünyasının böyük ideoloqu, publisist, həkim və rəssam Əli bəy Hüseynzadənin (1864–1940) həyatı və çoxşaxəli fəaliyyətinə həsr olunub. Seminarda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, DİA-nın tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadova,Əməkdar rəssam, Türkiyənin Yeditepe Universitetinin professoru Teymur Rzayev, tarix üzrə fəlsəfə doktoru və kolleksioner Dilqəm Əhməd məruzələrlə çıxış ediblər.
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq əlifba, terminologiya və mədəni inteqrasiya məsələlərinin müzakirə olunduğu mühüm tarixi hadisə kimi türk dünyasının elmi və mədəni həyatında xüsusi yer tutur. Qurultayın işində fəal iştirak etmiş Əli bəy Hüseynzadə türkçülük ideologiyasının formalaşması, ortaq mədəni dəyərlərin təbliği və ictimai fikrin inkişafı istiqamətində mühüm xidmətlər göstərib.

Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan İstiqlal Muzeyinin kolleksiyalarında qorunan sənət əsərləri və arxiv materialları Əli bəy Hüseynzadənin zəngin irsinin müxtəlif istiqamətlərdən araşdırılmasına imkan yaradır. Seminar çərçivəsində böyük mütəfəkkirin Azərbaycan və türk dünyasının ictimai fikir tarixində tutduğu yer, Birinci Türkoloji Qurultayın ideya mühitinə təsiri, həmçinin onun təsviri və teatr sənətinə verdiyi töhfələr barədə məruzələr dinlənilib.
Elmi seminar Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlər proqramının tərkib hissəsi olmaqla, Əli bəy Hüseynzadənin zəngin irsinin təbliği, onun Azərbaycan və türk dünyasının elmi, ictimai və mədəni fikir tarixindəki yerinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.






