Ermənistan parlamenti hakim Mülki Müqavilə partiyasının təşəbbüsü ilə bu ölkənin xaricdə yaşayan ə vətəndaşlarının səsvermə hüququnu məhdudlaşdıran qanun layihəsini ilk oxunuşda qəbul edib.
Yeni qaydalara görə, seçki və ya referendumdan əvvəl son iki ilin yarısından azını Ermənistanda keçirən vətəndaşlar səs verə bilməyəcəklər; diplomatlar və xaricdə təhsil alan tələbələr isə istisna təşkil edəcək.
Əslində normal qərardır; Ermənistandan xaricdə yaşayıb, Ermənistana müdaxilə edənlər az deyildi.
- Bu qərar Ermənistandakı seçkilərə Rusiyanın təsirini azaltmış olacaq?
Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan parlamentində ilk oxunuşda qəbul edilən bu qanun layihəsi ilk baxışda seçki hüququnun məhdudlaşdırılması kimi görünsə də, əslində dövlətin daxili siyasi qərarlarının ölkədə yaşayan və bu qərarların nəticələrini birbaşa hiss edən vətəndaşların formalaşdırması prinsipinə əsaslanır.
Onun sözlərinə görə, uzun illərdir Ermənistanın siyasi həyatında xaricdə yaşayan erməni icmalarının, xüsusilə, müxtəlif diaspor mərkəzlərinin və ayrı-ayrı xarici güclərin təsir imkanları ciddi müzakirə mövzusu olub. Bu baxımdan hökumət seçki prosesini daha çox ölkədaxili ictimai rəyə bağlamağa çalışır.
“Geosiyasi aspektdən yanaşdıqda isə bu qərarın Rusiyanın təsir imkanlarının müəyyən qədər zəiflədilməsinə xidmət edəcəyi ehtimalı var. Çünki Rusiyada yaşayan yüz minlərlə Ermənistan vətəndaşı və ya Ermənistanla sıx bağlı şəxslər indiyədək ölkənin siyasi gündəminə müxtəlif yollarla təsir göstərən amillərdən biri hesab olunurdu. Yeni mexanizm seçici korpusunu, əsasən, Ermənistanda yaşayan, ölkənin sosial-iqtisadi reallıqlarını gündəlik həyatında hiss edən vətəndaşlardan formalaşdırmağa hesablanıb. Bu isə xarici siyasi təsir imkanlarını müəyyən dərəcədə məhdudlaşdıra bilər.
Lakin təkcə seçki qanunvericiliyinin dəyişdirilməsi Rusiyanın Ermənistandakı siyasi, iqtisadi və təhlükəsizlik sahələrində formalaşmış təsirini tam aradan qaldırmayacaq. Bu addımı daha çox uzunmüddətli transformasiya prosesinin elementlərindən biri kimi qiymətləndirmək olar”, – deyə politoloq bildirib.
Tural İsmayılovun fikrincə, Azərbaycanda bu məsələyə fərqli yanaşma tətbiq olunur. Azərbaycan qanunvericiliyinə əsasən, xaricdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşları seçki hüququnu itirmirlər. Onlar xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə və konsulluqlarda yaradılan seçki məntəqələrində səs verə bilirlər. Bunun əsas səbəbi Azərbaycanın xaricdə yaşayan vətəndaşlarını dövlətin siyasi həyatının ayrılmaz hissəsi hesab etməsi və onların Konstitusion seçki hüququnun təmin olunmasıdır.
Politoloq vurğulayıb ki, Ermənistanın qəbul etdiyi bu qərarı demokratik dövlətlərdə tətbiq olunan müxtəlif seçki modellərindən biri kimi qiymətləndirmək olar. Dövlətin taleyini müəyyən edən qərarlarda həmin dövlətin ictimai-siyasi və iqtisadi yükünü daşıyan insanların həlledici söz sahibi olması arqumenti kifayət qədər məntiqlidir.
Bununla yanaşı, bu addımın Ermənistanın daxili siyasi balansını dəyişdirəcəyi, diasporun seçki prosesinə təsirini azaldacağı və dolayısıyla xarici güclərin, xüsusilə, Rusiyanın seçki üzərindən təsir imkanlarını müəyyən dərəcədə məhdudlaşdıracağı istisna edilmir. Bu qərarın real siyasi nəticələri isə yalnız növbəti parlament seçkilərindən sonra daha aydın görünəcək.
İradə Cəlil, Bizimyol.info






