Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Otellərin sayı cüzi artıb, gəlirlər isə azalır
Otellərin sayı cüzi artıb, gəlirlər isə azalır

Ölkədə turizmin vəziyyətini qiymətləndirəndə bir neçə amili nəzərə almaq lazım gəlir. Burada turist sayından başlayaraq, ümumi gəlirə qədər hesaba alınmalıdır. Hesabatlar göstərir ki, son dövrlər turizm sektorunda geriləmə var.

Bizimyol.info turist sayının azalması barədə yazmışdı. Gəlirlər də azalıb. Yalnız otel sayında cüzi artım diqqət çəkir.

Son iki ildə ümumi sayda 26 otel artımı qeydə alınıb. Mehmanxana və mehmanxana tipli obyektlərin sayı 885-ə çatıb. Bizə çox görünə bilər, amma qonşu Gürcüstanda müqayisə edəndə xeyli geridə qaldığımız üzə çıxır. Orada hələ pandemiya dövründə 2964 otelin fəaliyyət göstərdiyi məlum olmuşdu. Qarşıdakı iki il ərzində daha 310 yeni otelin işə başlaması gözlənilir.

Gürcüstan Milli Turizm Administrasiyasının hədəfi sektordan illik gəliri 4,7 milyard dollara çatdırmaqdır. Azərbaycanda keçən illə bağlı bir statistik göstərici diqqətimizi çəkir. 2025-ci ildə turizm xidmətlərinin ixracından gəlirlər 1,9 milyard dollar civarında olub. Turist sayının kəskin azalması bu məsələdə də özünü göstərəcək. Böyük ehtimalla ilin sonunda turizm xidmətlərinin ixracından gəlirlərin daha az olacağından xəbər tutacağıq.

İndiki tarix üçün otellərin gəlirləri illik müqayisədə 41,1 milyon manatdan çox azalıb. Xərclərin isə artdığı açıqlanıb. Turizm mövsümü olsa da, rəqəmlər nikbin danışmağa əsas vermir. Otellər ağır dövrünü yaşayır.

Rəqəmlər çox şeydən xəbər verir. Amma müşahidələr də ümumi durumun yaxşı olmadığını deyir. Sosial mediada otellərin icarəsi və satılması ilə bağlı elanlar çoxalıb. Hətta şəhər mərkəzindəki mehmanxana tipli obyektlər də sabit fəaliyyət göstərə bilmir. Hostellər üçün belə, yeni icarədar axtarılır.

Nə qədər qəbul etməsək də, turistlərin sayı bu sahədə çox vacib rol oynayır. Ölkəyə gələn xarici ölkə vətəndaşlarının sayında ciddi azalma var. Bu məsələ ətraflı araşdırılmalı, çıxış yolları tapılmalıdır. Mövsümün ortasında işlərin çox pis getdiyi aşkar görünür. Yayda gəlirlər belə aşağıdırsa, başqa fəsillərdə sektor daha çətin günlər yaşayacaq. Otellər üçün da yaya ayları çox əhəmiyyətli dövrdür. Rəqəmlər isə yalnız bədbin ab-hava yaradır. Bu sahədə yeni konsepsiyaya ehtiyac var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »