7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində Alyansa üzv ölkələrin dövlət və hökumət başçıları Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə sadiqliklərini bir daha təsdiqləməyə hazırlaşırlar. Bu maddəyə əsasən, “bir üzvə hücum bütün Alyansa hücum” hesab olunur.
Bizimyol.info xəbər verir ki, 32 üzv ölkənin səfirləri tərəfindən razılaşdırılan bəyanat layihəsi qlobal təhlükəsizlikdə davam edən qeyri-sabitlik fonunda transatlantik birliyi nümayiş etdirməyi hədəfləyir.
Hazırlanan sənəddə NATO ölkələrinin Ukraynaya hərbi dəstəyini davam etdirməsi xüsusi yer tutur. Plan üzrə Alyans 2026-cı ildə Kiyevə təxminən 70 milyard avro (80 milyard dollar) həcmində yardım ayırmağı, 2027-ci ildə isə ən azı eyni səviyyədə dəstəyi davam etdirməyi nəzərdə tutur.
Sənədin təsdiqlənməsi həm Ukrayna, həm də Rusiya üçün NATO-nun uzunmüddətli mövqeyinin açıq mesajı kimi qiymətləndirilir. Layihədə Rusiya Avroatlantik təhlükəsizlik üçün “uzunmüddətli təhdid” kimi xarakterizə olunur.
Sammitdə ABŞ Prezidenti Donald Trumpın iştirakı xüsusi diqqət çəkir. O, keçmişdə NATO ölkələrini müdafiə xərclərini kifayət qədər artırmamaqda tənqid etmiş və ABŞ-ın yükü təkbaşına daşıdığını bildirmişdi.
ABŞ və Avropa arasında İranla bağlı əməliyyatlar və digər siyasi fikir ayrılıqları fonunda Tramp hətta Vaşinqtonun NATO üzvlüyünü yenidən nəzərdən keçirə biləcəyini də gündəmə gətirmişdi. Lakin hazırkı vəziyyət ABŞ nümayəndə heyətinin bəyanatı imzalamağa hazır olduğunu göstərir.
Sənəddə Avropa ölkələri və Kanadanın ABŞ ilə birlikdə Alyans daxilində daha böyük məsuliyyət götürdüyü vurğulanır. Eyni zamanda, ötən il Haaqada qəbul edilən qərarlara uyğun olaraq üzv ölkələrin hərbi xərclərini artırması qeyd olunur.
Bundan başqa, NATO İranın nüvə silahına sahib olmamalı olduğunu bəyan edir və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinə çağırış edir.
Ankarada keçiriləcək görüşün NATO daxilində birliyi gücləndirməsi və Alyansın yeni təhlükəsizlik çağırışlarına qarşı uzunmüddətli strategiyasını təsdiqləməsi gözlənilir. Sammitin əsas məqsədi üzv ölkələr arasında koordinasiyanı artırmaq və qlobal risklərə qarşı vahid mövqe formalaşdırmaqdır.
Qadir, Bizimyol.info






