Çində kitabların dezinfeksiyası üçün yeni texnologiya tətbiq edilib. Kitabxanalarda kitablar xüsusi 30 saniyəlik proseslə təmizlənir. Bu proses kitabları dezinfeksiya edir və xoşagəlməz qoxuları aradan qaldırır.
- Azərbaycanda kitabların dezinfeksiyası üçün belə texnologiyaların tətbiqi mümkündür?
Bu barədə Bizimyol.info xəbər portalına danışan AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, müasir dezinfeksiya avadanlıqları hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrində istifadə olunur: “AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondunda 1 milyon 500 mindən artıq nəşr mühafizə olunur. Bu nəşrlərin təxminən 12 minə yaxını xüsusi elmi və tarixi əhəmiyyət daşıyan Nadir Kitablar fondunda saxlanılır. Həmin nəşrlərin uzunmüddətli qorunmasını təmin etmək məqsədilə onlar xüsusi mühafizə konteynerlərində yerləşdirilir.
Fondun başqa nəşrləri isə beynəlxalq kitabxana mühafizəsi standartlarına uyğun odadavamlı metal rəflərdə saxlanılır. Kitab fondlarının mühafizəsi sahəsində tətbiq olunan müasir dezinfeksiya avadanlıqları hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrində, o cümlədən Çin və qardaş ölkə Türkiyədə də geniş istifadə olunur”.
Hüseyn Hüseynov vurğulayıb ki, Mərkəzi Elmi Kitabxana da fondların qorunması istiqamətində bu təcrübədən yararlanmağı hədəfləyir:
“Bu məqsədlə Mərkəzi Elmi Kitabxana Türkiyənin "Yordam" şirkəti ilə müvafiq avadanlıqların əldə olunması istiqamətində danışıqlar aparır. Yaxın perspektivdə həmin qurğuların MEK-də tətbiqi nəzərdə tutulur. Bu, kitab fondunun, xüsusilə də qədim və nadir nəşrlərin müasir standartlara uyğun dezinfeksiyasına və uzunmüddətli mühafizəsinə mühüm töhfə verəcək.
"Yordam" şirkəti tərəfindən istehsal olunan dezinfeksiya qurğuları eyni vaxtda 10-15 kitabın emalına imkan verir. Dezinfeksiya prosesi kitabın fiziki vəziyyətindən, köhnəlmə səviyyəsindən, rütubət və qoxu göstəricilərindən asılı olaraq xüsusi proqram vasitəsilə tənzimlənir”.
Hüseyn Hüseynov əlavə edib: “Emal prosesi adətən bir neçə dəqiqə davam edir. Kitabların ölçüsü və qalınlığı nəzərə alınmaqla təhlükəsiz şəkildə həyata keçirilir”.
Günel Həsənova, Bizimyol.info






