Finlandiyanın ən böyük telekommunikasiya operatorlarından biri olan "Elisa" şirkəti iyulun 1-dən ölkədə həm fərdi, həm də korporativ müştərilər üçün naqilli xətlərin xidmətini dayandırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" portalı məlumat yayıb.
Şirkət bu niyyəti barədə hələ ilin əvvəlində xəbərdarlıq edib.
Bununla da ölkədə stasionar telefon rabitəsi erası rəsmən başa çatıb.
İri telekommunikasiya operatoru olan "Telia" hələ 2019-cu ildə öz stasionar şəbəkəsini qapadıb, cari ilin əvvəlində isə "DNA" operatoru abunəçilərinin naqilli telefonlarına xidmət göstərilməsini dayandırıb.
"Elisa" operatorunun məlumatına görə, ilin əvvəlinə şirkətin cəmi bir neçə min naqilli bağlantısı qalıb. Operator artıq bir neçə ildir, bu növ xidmətlər üçün yeni müqavilələr bağlamır.
- Azərbaycanda stasionar telefon xidmətlərinin mərhələli ləğvi və ya məhdudlaşdırılması nəzərdə tutulurmu?
Yaranan sualla bağlı "Aztelekom" MMC-yə sorğu ünvanladıq.
Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Hazırda “Aztelekom” MMC tərəfindən abunəçilərə həm internet, həm də stasionar telefon xidmətləri təqdim olunur.
Son illərdə mobil rabitə, genişzolaqlı internet və rəqəmsal kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda stasionar telefon rabitəsinə olan maraq azalsa da, ölkəmizdə bu rabitə növü hələ də bir sıra hallarda öz aktuallığını qoruyur. Xüsusilə rəsmi qurumlarda və təşkilatlarda stasionar telefonların istifadəsi zəruri olaraq qalır”.
Günel Həsənova, Bizimyol.info






