Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkarlar üçün yeni imkan: ƏDV depozit hesabındakı vəsait sosial ödənişlərə yönəldiləcək
Sahibkarlar üçün yeni imkan: ƏDV depozit hesabındakı vəsait sosial ödənişlərə yönəldiləcək

“Vergi Məcəlləsi”nə təklif edilən dəyişikliklər qəbul olunarsa, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən sahibkarlar ƏDV depozit hesabındakı vəsaitdən sosial ödənişlər üçün də istifadə edə biləcəklər.

Bu yenilik sahibkarların maliyyə vəsaitlərini daha çevik idarə etməsinə, sosial öhdəliklərini vaxtında yerinə yetirməsinə və əlavə maliyyə yükünün azalmasına şərait yaradacaq. Qaydaların 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətinə tətbiqi nəzərdə tutulur.

  • Bu dəyişiklik sahibkarların maliyyə dayanıqlığını artırmaqla yanaşı, sosial ödənişlərin vaxtında icrasına necə təsir göstərə bilər?

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qeyri-neft-qaz sektorunun inkişafı Azərbaycanın iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu istiqamətdə vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların maliyyə yükünün azaldılması və biznes mühitinin daha əlverişli hala gətirilməsi məqsədilə islahatlar davam etdirilir.

İqtisadçı hesab edir ki, "Vergi Məcəlləsi"nə təklif olunan son dəyişikliklər də bu siyasətin davamıdır. Dəyişikliklər qəbul olunarsa, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən sahibkarlar ƏDV depozit hesablarında olan vəsaitdən sosial ödənişlərin həyata keçirilməsi üçün də istifadə edə biləcəklər. Qaydaların 2027-ci il yanvarın 1-dən etibarən dörd il müddətinə tətbiqi nəzərdə tutulur.

Əli Səlimovun fikrincə, bu dəyişiklik ilk baxışdan texniki xarakter daşısa da, əslində sahibkarların maliyyə idarəetmə imkanlarını genişləndirən mühüm addımdır.

"İndiki sistemdə ƏDV depozit hesabındakı vəsaitlərin istifadə istiqamətləri məhdud olduğundan bəzi hallarda müəssisələrin dövriyyə kapitalına əlavə təzyiq yaranırdı. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri vergi və sosial öhdəliklərini eyni vaxtda yerinə yetirmək üçün əlavə maliyyə resursları cəlb etməli olurdular. Yeni mexanizm isə mövcud vəsaitlərin daha çevik idarə olunmasına imkan verməklə likvidlik risklərinin azalmasına kömək edə bilər", - deyə iqtisadçı bildirib.

Onun sözlərinə görə, likvidliyin gücləndirilməsi biznesin maliyyə dayanıqlığını müəyyən edən əsas amillərdən biridir. Maliyyə resurslarından daha səmərəli istifadə müəssisələrin gündəlik fəaliyyətini daha rahat planlaşdırmasına, qısamüddətli maliyyə çatışmazlığı risklərini azaltmasına və əlavə borclanmaya ehtiyacı minimuma endirməsinə imkan verəcək. Xüsusilə mövsümi gəlirlərlə çalışan və ya pul axınlarında dəyişkənlik yaşayan müəssisələr üçün bu dəyişiklik mühüm üstünlük hesab oluna bilər.

İqtisadçı bildirib ki, təklif olunan mexanizm sosial ödənişlərin vaxtında həyata keçirilməsinə də müsbət təsir göstərə bilər. Sosial sığorta haqlarının və digər məcburi ödənişlərin vaxtında ödənilməsi işçilərin sosial təminat hüquqlarının qorunması ilə yanaşı, dövlətin sosial müdafiə sisteminin maliyyə dayanıqlığı üçün də vacibdir.

Onun fikrincə, sahibkarların bu öhdəlikləri yerinə yetirmək üçün əlavə maliyyə mənbələri axtarmaq məcburiyyətinin azalması sosial ödənişlərin gecikmə riskini minimuma endirəcək, eyni zamanda dövlət büdcəsinə daxilolmaların daha sabit olmasına töhfə verəcək.

Əli Səlimov deyib ki, bu dəyişiklik yeni vergi güzəşti deyil, mövcud maliyyə resurslarından daha səmərəli istifadə etməyə imkan verən çevik mexanizmdir. Bu yanaşma sahibkarların maliyyə planlaşdırmasını asanlaşdırmaqla yanaşı, investisiya imkanlarına da müsbət təsir göstərə bilər. Dövriyyə vəsaitlərinin daha effektiv idarə olunması istehsalın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və müəssisələrin fəaliyyətinin davamlılığı baxımından əlavə üstünlüklər yarada bilər.

İqtisadçının sözlərinə görə, ümumilikdə bu dəyişiklik fiskal siyasətdə yeni güzəştdən daha çox, biznesin maliyyə çevikliyini artırmağa yönəlmiş institusional islahatdır. Sahibkarların mövcud vəsaitlərdən daha səmərəli istifadə imkanlarının genişləndirilməsi onların maliyyə dayanıqlığını gücləndirəcək, sosial öhdəliklərin vaxtında yerinə yetirilməsini təşviq edəcək və qeyri-neft-qaz sektorunun inkişafına, eləcə də ölkədə biznes mühitinin daha rəqabətqabiliyyətli olmasına müsbət təsir göstərəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »