Antverpen Ümumdünya Almaz Mərkəzi (AÜAM) ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə ABŞ Prezidenti Donald Trampa 321 təbii brilyantla bəzədilmiş qızıl üzük hədiyyə edib. Hədiyyə ABŞ-ın Belçikadakı səfiri Bill Uayta təqdim olunub.
Bizimyol.info xəbər verir ki, AÜAM-in sosial şəbəkədə yaydığı məlumata görə, üzük qızıldan hazırlanıb və üzərində 321 təbii brilyantla yanaşı, 75 digər qiymətli daş da istifadə olunub.
Mərkəzdə bildirilib ki, ABŞ uzun illərdir Antverpen almaz sənayesinin əsas ticarət tərəfdaşlarından biridir. Qeyd olunub ki, Antverpendə satılan təbii almazların böyük hissəsi son nəticədə ABŞ bazarına çıxır və bu üzüyün iki tərəf arasındakı möhkəm iqtisadi əlaqələrin rəmzi olması nəzərdə tutulur.
Zərgərlər üzüyün hazırlanmasında yalnız təbii brilyantlardan istifadə edildiyini xüsusi vurğulayıblar.
AÜAM-nin açıqlamasında qeyd olunub ki, təbii və laboratoriyada yetişdirilən almazları adi gözlə bir-birindən ayırmaq mümkün olmasa da, onların mənşəyi, unikallığı, dəyəri və statusu baxımından ciddi fərqlər mövcuddur.
Əsrlər boyu əsasən yerli yəhudi icmasının nəzarətində olan Antverpen almaz sənayesi yalnız təbii daşların emalı və ticarəti ilə məşğuldur. Lakin son illərdə, xüsusilə ABŞ bazarında geniş yayılan və daha ucuz olan sintetik almazların artan rəqabəti səbəbindən bu sahə ciddi çətinliklərlə üzləşib.
Mütəxəssislərin fikrincə, Aİ-nin Rusiya almazlarına qarşı tətbiq etdiyi sanksiyalar ABŞ-da sintetik almaz istehsalçıları üçün əlavə üstünlüklər yaradıb.
Bizimyol.info






