Bölgədə müəyyən sakitliyin yaranması, İranla sülh razılaşması müzakirələri neft bazarında özünü göstərib. Qiymətlər sürətlə aşağı düşür. Təkcə iyunun 29-da ayrı-ayrı neft markalarında 3-4 dollar ucuzlaşma olub. Azərbaycanın strateji məhsulu da təxminən bu qədər dəyər itirib. İndi “Azeri Light”ın bareli 74,36 dollara təklif olunur.
Bizimyol.info xəbər verir ki, dövlət büdcəsində neftin bareli 65 dollar həddində götürülüb. Keçən il bu məhsulla bağlı böyük gözləntilər yox idi. Fevralın sonlarında İranda döyüşlərin başlaması vəziyyəti dəyişdi. Qiymət 100 dollar psixoloji həddini aşdı. Demək olar, üç ay fərqli mənzərə müşahidə edilmədi. Amma sülh razılaşmasının addımlarının eşidilməsi bazara ciddi təsir göstərdi.
Azərbaycanda buna alışmışıq ki, neft ucuzlaşan kimi qeyri-neft sektoru yada düşür. Dərhal məhz bu sektorun inkişaf etdirilməsi müzakirələri başlayır. Halbuki ölkənin gələcəyinin neftlə çox da bağlı olmaması sirr deyil. Qeyri-neft sektorunda ciddi işlərə çoxdan başlanılmalıydı.
Ölkənin ixrac statistikası göstərir ki, biz istənilən halda kənd təsərrüfatına çox güvənməliyik. Meyvə-tərəvəz ixracı siyahıda ciddi yer tutur. Amma bu sahə kor-koranə inkişaf etdirilə bilməz. Standartlara əməl olunmalıdır. Dövlət proqramlarının tələbləri yerinə yetirilməlidir.
Bizimyol.info ölkədə kənd təsərrüfatının vəziyyəti ilə bağlı ardıcıl yazılar hazırlayır. Bilirsiniz ki, ümumi durum nəinki danışdıldığı kimi yaxşı deyil, hətta pisliyə doğru dəyişib. Əsas tərəvəz məhsullarından olan kartofla özümüzü təxminən 56 faiz təmin edirik. Ətlə təminat heç 50 faizə çatmır. Adamın inanmağı gəlmir ki, yumurta ilə də özümüzü tam təmin etməyə qadir deyilik. Xaricə satsaq da, 67 faizlik göstərici diqqət çəkir. Çayçılıq qürub çağını yaşamağa başlayıb. Balıqla özümüzü cəmi 35 faiz təmin edirik.
Başqa sahələrdə də oxşar vəziyyət gözə dəyir. Şərabçılıqla bağlı dövlət proqramı havada qaldı. İstehsal da azalıb, ixrac da. Məhsulu sata bilmirik, anbarlarda qalır. Elektrik enerjisinin ixracı dəfələrlə azalıb.
Hara gedirik belə? Ola bilər ki, neft hələ uzun müddət ucuz satılacaq. Nə edəcəyik biz? Qulağa xoş gələn söz yığınına ehtiyac yoxdur. Qeyri-neft sektorunda üzümüzü ağarda biləcək bütün sahələrə ciddi yanaşmalıyıq. Dövlət proqramı qəbul olunubsa, şərtlərə lazımi səviyyədə əməl etməliyik. Qəbul olunmayan proqramlar da var. Məsələn, fındıqçılıqla bağlı. Bu boşluq da doldurulmalıdır. Ciddi araşdırmalar aparmaq, məhsuldarlığı artırmaq barədə düşünmək lazımdır. Əvvəl-axır neft asılılığından qurtarmalıyıq.
Aytən, Bizimyol.info






