Ukraynanın dronlardan istifadə etməklə həyata keçirdiyi genişmiqyaslı hücum kampaniyası son bir ayda görünməmiş həddə çatıb və 4 ildən çox davam edən müharibədən sonra ilk dəfə olaraq Rusiya əhalisi müharibənin sərt reallıqlarını daha açıq şəkildə hiss etməyə başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə CNN məlumat verib.
"Buna baxmayaraq, bu vəziyyət Rusiya Prezidenti Vladimir Putinin planlarına ciddi təsir göstərmir", - deyə nəşr yazıb.
Məlumata əsasən, Ukraynanın həyata keçirdiyi hücumların məqsədi Rusiyanın hərbi iqtisadiyyatını zəiflətmək və Kreml üçün müharibənin iqtisadi və siyasi xərclərini artırmaqdır. Hədəflər arasında neft emalı zavodları, neft terminalları, hərbi gəmilər və Rusiya ərazisinin dərinliklərində yerləşən silah istehsalı müəssisələri var.
Bildirilir ki, Rusiya üzrə müxtəlif regionlarda yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb və yanacaq qıtlığı müşahidə olunur. Kremlin itkiləri adətən kiçiltməyə çalışmasına baxmayaraq, vəziyyət artıq gizlədilməsi çətin olan səviyyəyə çatıb.
Məlumata görə, Putin həftəsonu keçirilən təcili iclasda ölkənin benzin ehtiyatlarının narahatedici səviyyəyə düşdüyünü bildirib. O, həmçinin dizel yanacağının ixracının tam qadağan olunması məsələsinin də nəzərdən keçirildiyini deyib.
Rusiya lideri ölkənin mülki infrastrukturuna edilən “terror hücumlarının təsirini minimuma endirməli olduğunu” bildirib. Bu əvvəlki bəyanatlarla müqayisədə mövqe dəyişikliyi kimi qiymətləndirilir, çünki Putin əvvəllər Ukrayna dron hücumlarını əhəmiyyətsiz adlandırırdı.
Hazırki vəziyyət Qərb rəsmiləri və analitiklər arasında Ukraynanın kampaniyasının Rusiya təchizat zəncirlərinə və hərbi logistikasına zərbə vurduğu və Moskvanın döyüş imkanlarını ləngitdiyi fikrini gücləndirir.
Bununla belə, CNN bildirir ki, Rusiyanın hazırkı problemlərinin Kremlə güzəştə getməyə məcbur edəcəyi gözlənilmir. Analitiklərin fikrincə, Putin uzun illər ərzində kompromisə getməyən lider obrazı formalaşdırıb və bu da onun geri addım atmasını siyasi baxımdan çətinləşdirir.
Məlumatlara görə, müharibə nəticəsində Rusiyada 1 milyondan çox insanın öldüyü və ya yaralandığı bildirilir, lakin Moskva hələ də iddia etdiyi Ukrayna ərazilərinə tam nəzarət edə bilmir.
Rusiyada hazırkı yanacaq çatışmazlığı ciddi iqtisadi və sosial problemlər yaratsa da, bu, yaxın zamanda “təslim olmaq siqnalı” kimi qiymətləndirilməməlidir.
Son məlumatlara əsasən, Rusiyanın təxminən 40 regionunda yanacaq satışına məhdudiyyətlər tətbiq olunub, ümumilikdə isə 85 regionda yanacaqdoldurma məntəqələrində fasilələr və qıtlıq müşahidə edilir. Bu, ictimai nəqliyyat, tullantıların daşınması və kənd təsərrüfatı texnikasının istifadəsində problemlərə səbəb olub.
Eyni zamanda, Rusiyada benzin qiymətləri bir həftə ərzində təxminən 3% artıb ki, bu da son ən az 20 ilin ən sürətli həftəlik artımı hesab olunur.
Qadir, Bizimyol.info






