Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Psixoloq Elnur Rüstəmov: “Məsuliyyət hissi həyat boyu formalaşan psixoloji bacarıqdır”
Psixoloq Elnur Rüstəmov: “Məsuliyyət hissi həyat boyu formalaşan psixoloji bacarıqdır”

Türk professor Kemal Sayar bildirib ki, müasir dövrün ən böyük problemlərindən biri insanın getdikcə məsuliyyət daşıyan bir fərd olmaqdan uzaqlaşması və uşaq halına düşməsidir: “Artıq 30 yaşında hələ də gününü “PlayStation” oyunları oynamaqla keçirən kişilərlə qarşılaşırıq. Evdən çıxa bilməyən, öz peşəsini qura bilməyən, müstəqil həyata qədəm qoya bilməyən böyüməmiş insanlarla rastlaşırıq. Halbuki böyümək məsuliyyət götürmək deməkdir. Məsuliyyət isə üzərinə düşən vəzifələri yerinə yetirmək, seçdiyin yolla qətiyyətlə irəliləmək və həmin yolun gətirdiyi çətinlikləri, bədəlini ödəməyə hazır olmaq deməkdir”.

  • Bəzi insanlar niyə yaşları artsa da, məsuliyyət götürməkdən çəkinirlər?

    Müasir həyat tərzi insanların yetkinləşməsinə mane olurmu?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, məsuliyyətdən yayınma uğursuzluq qorxusunun və özünə inamsızlığın təzahürüdür: “Bu məsələni yalnız fərdi iradə ilə izah etmək doğru olmaz. İnsanların yetkin yaşa çatsalar da, məsuliyyətdən yayınmasının arxasında həm psixoloji, həm ailəvi, həm də sosial amillər dayanır. Ona görə də bu mövzuya ittihamedici deyil, izahedici yanaşmaq daha faydalıdır.

Məsuliyyət hissi insanda anadangəlmə xüsusiyyət deyil, həyat boyu formalaşan psixoloji bacarıqdır. Uşaqlıq dövründə valideynlərin həddindən artıq qoruyucu davranışı, uşağın hər problemini onun yerinə həll etməsi, qərar vermək imkanının məhdudlaşdırılması gələcəkdə müstəqillik və məsuliyyət hissinin zəif inkişafına səbəb ola bilər.

Həddindən artıq tənqid olunan və ya uğursuzluğa görə cəzalandırılan insanlar da risk etməkdən və məsuliyyət götürməkdən çəkinə bilərlər. Belə hallarda məsuliyyətdən yayınma çox vaxt tənbəllik deyil, uğursuzluq qorxusunun və özünə inamsızlığın təzahürü olur”.

Elnur Rüstəmov deyib: “Müasir həyat tərzi də bu prosesə müəyyən təsir göstərir. Rəqəmsal texnologiyalar, sosial şəbəkələr, onlayn əyləncə platformaları və video oyunlar insana ani məmnunluq hissi verir. Halbuki yetkinlik uzunmüddətli məqsədlər uğrunda səbir göstərməyi, çətinliklərə dözməyi və nəticəyə görə məsuliyyət daşımağı tələb edir".

Elnur Rüstəmov vurğulayıb ki, çox uğurlu insanlar da texnologiyadan istifadə edirlər, lakin onlar bunu həyatlarının mərkəzinə çevirmirlər:

İnsan vaxtının böyük hissəsini virtual mühitdə keçirdikdə, real həyatda qərar vermək, problem həll etmək və öhdəlik götürmək bacarıqları kifayət qədər inkişaf etməyə bilər. Ancaq burada vacib məqam odur ki, texnologiyanın özü problem deyil. Problem onun məqsədsiz və nəzarətsiz istifadəsidir. Bu gün çox uğurlu insanlar da texnologiyadan və oyunlardan istifadə edirlər, lakin onlar bunu həyatlarının mərkəzinə çevirmirlər. Eyni zamanda, müasir dövrdə iqtisadi və sosial şərtlər də nəzərə alınmalıdır. Bəzən gənclərin iş tapmaqda, mənzil əldə etməkdə və maliyyə müstəqilliyi qazanmaqda üzləşdikləri çətinliklər, bəzi hallarda onların ailədən ayrılmasını və tam müstəqil həyata keçidini gecikdirir. Buna görə hər gecikmiş müstəqilliyi psixoloji yetişməzlik kimi qiymətləndirmək doğru olmaz”.

Elnur Rüstəmov həmçinin vurğulayıb: “Psixoloji baxımdan yetkin insanın əsas göstəricisi yaşı deyil, öz qərarlarının nəticələrini qəbul etməsi, öhdəliklərini yerinə yetirməsi, çətinliklərdən qaçmaması və problemlərin həllində aktiv mövqe tutmasıdır. Yetkinlik insanın rahatlıq zonasından çıxaraq həyatının məsuliyyətini öz üzərinə götürə bilməsi ilə ölçülür”.

Elnur Rüstəmov əlavə edib: “Cəmiyyət və ailə olaraq məqsədimiz insanları qınamaq deyil, onlarda müstəqillik, özünəinam, qərarvermə və məsuliyyət bacarıqlarını erkən yaşlardan inkişaf etdirmək olmalıdır. Çünki məsuliyyət hissi təkcə fərdi uğurun deyil, sağlam ailələrin, güclü cəmiyyətin və dayanıqlı inkişafın da əsas şərtlərindən biridir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »