İran ABŞ-ın ölkəyə endirdiyi son hava zərbələrindən sonra Bəhreyn və Küveyti pilotsuz uçuş aparatları və raketlərlə hədəfə alıb. Tehran eyni zamanda Vaşinqtonun hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə müharibəyə son qoyulması ilə bağlı danışıqları tamamilə dayandıracağını bəyan edib.
Bizimyol.info xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Hörmüz boğazının İranın nəzarəti olmadan yenidən açılması cəhdləri bölgədə gərginliyi daha da artıracaq. Onun sözlərinə görə, mövcud mexanizmlərdən kənar alternativ idarəetmə planları boğazın fəaliyyətinin bərpasını gecikdirəcək və vəziyyəti mürəkkəbləşdirəcək.
Pakistan ABŞ və İran arasında müvəqqəti razılaşmanın şərtləri üzrə danışıqların çərşənbə axşamı bərpa olunacağını açıqlayıb. Tramp administrasiyası isə texniki danışıqların plan üzrə davam etdiyini bildirib. Müzakirələrdə Hörmüz boğazının fəaliyyəti, ABŞ-ın İran limanlarına tətbiq etdiyi məhdudiyyətlər, sanksiyalar və İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyi əsas mövzular sırasındadır.
İranın İnqilab Keşikçiləri Korpusu Bəhreyn və Küveytə edilən hücumların məsuliyyətini öz üzərinə götürüb. Küveyt hava hücumundan müdafiə sistemlərinin İranın buraxdığı pilotsuz aparatları və iki raketi zərərsizləşdirdiyini, itki olmadığını açıqlayıb. Bəhreyndə isə beynəlxalq hava limanı yaxınlığında yaşayış binasına ziyan dəysə də, ölən olmayıb.
ABŞ ordusu isə İranın hərbi müşahidə infrastrukturu, rabitə sistemləri, hava hücumundan müdafiə mövqeləri və pilotsuz aparat anbarlarına zərbələr endirdiyini bildirib. ABŞ Prezidenti Donald Tramp İranı razılaşmanı pozmaqda ittiham edərək, zərurət yaranarsa, hərbi əməliyyatların daha da genişləndirilə biləcəyi barədə xəbərdarlıq edib.
Bizimyol.info






