Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Asiyanın kiberdələduzluq mərkəzlərində qadınlara qarşı dəhşətli zorakılıqlar üzə çıxdı
Asiyanın kiberdələduzluq mərkəzlərində qadınlara qarşı dəhşətli zorakılıqlar üzə çıxdı

Cənub-Şərqi Asiyada fəaliyyət göstərən kiberdələduzluq mərkəzlərində insan alveri qurbanına çevrilən qadınların cinsi zorakılığa, məcburi əməyə və işgəncələrə məruz qalması ilə bağlı yeni faktlar ortaya çıxıb. Son aylarda Kamboca və Myanmada keçirilən genişmiqyaslı reydlər nəticəsində minlərlə işçinin azad edilməsi bu qapalı sistemdə baş verən ağır cinayətləri üzə çıxarıb.

Bizimyol.info xəbər verir ki, "The Guardian" nəşrinin araşdırmasına görə, əsasən Çin və Tayvan mənşəli cinayətkar qruplar tərəfindən idarə olunan bu mərkəzlərdə qadınlar internet vasitəsilə xarici ölkə vətəndaşlarını saxta investisiya layihələrinə cəlb etməyə məcbur edilirlər. Onlar sosial şəbəkələrdə saxta profillər yaradaraq qurbanlarla uzun müddət yazışır, daha sonra isə onları kriptovalyuta investisiyalarına pul yatırmağa razı salırlar. "Pig-butchering" adlanan bu fırıldaq sxemi son illərdə cinayətkar qruplara milyardlarla dollar gəlir gətirib.

Araşdırmada danışan zərərçəkənlər bildiriblər ki, işdən imtina edən və ya planı yerinə yetirməyən qadınlar fiziki zorakılıqla yanaşı, cinsi təcavüzə də məruz qalırlar. Onların sözlərinə görə, bəzi hallarda zorlama cəza vasitəsi kimi tətbiq edilir, bəzən isə uğurlu fırıldaq əməliyyatları həyata keçirən kişilər üçün "mükafat" rolunu oynayır.

Məqalədə hekayəsinə yer verilən Uqanda vətəndaşı Sara iş vədi ilə Laosa aparıldıqdan sonra müxtəlif kiberdələduzluq komplekslərinə satıldığını bildirib. O, hamiləliyini rəhbərlikdən gizlətdiyini, doğuş sancıları başlayanda isə mühafizəçinin yoxluğundan istifadə edərək xəstəxanaya qaça bildiyini deyib. Hazırda o, oğlu ilə birlikdə vətəni Uqandaya qayıdıb.

İnsan hüquqları təşkilatları da kiberdələduzluq mərkəzlərində cinsi zorakılıq hallarının artdığını təsdiqləyir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının son hesabatında qeyd olunur ki, 2024-cü ildən etibarən həm qadınlara, həm də kişilərə qarşı cinsi zorakılıq halları əhəmiyyətli dərəcədə artıb. Hesabatda Myanmada zorlanaraq hamilə qalan qadınlar, eləcə də işgəncəyə məruz qalan digər qurbanlar haqqında məlumat yer alıb.

"Amnesty International"ın məlumatına görə, son araşdırmalarda müsahibə verilən zərərçəkənlərin təxminən yarısını qadınlar təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə xeyli yüksək göstəricidir.

Mütəxəssislər bildirirlər ki, qadınların əksəriyyəti uşaqlarını və ailələrini dolandırmaq üçün xaricdə iş axtararkən insan alverçilərinin qurbanına çevrilirlər. Onların bir qismi yaxınları və ya tanışları vasitəsilə saxta iş təkliflərinə inanaraq bu cinayətkar şəbəkələrin əlinə düşür.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »