Ukraynanın son pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar Krımda enerji və yanacaq infrastrukturuna ciddi zərər vurub.
Bizimyol.info xəbər veir ki, "The Wall Street Journal"ın (WSJ) yazdığına görə, bunun nəticəsində yarımadada elektrik kəsilmələri, yanacaq qıtlığı və gündəlik xidmətlərdə problemlər yaranıb.
Bildirilir ki, Krımda mütəmadi hava həyəcanı elan olunur, enerji təchizatında fasilələr müşahidə edilir, yanacağın qiyməti isə əhəmiyyətli dərəcədə artıb. Yerli sakinlərin sözlərinə görə, uşaq bağçaları, bankomatlar və tullantıların daşınması kimi xidmətlər tam gücü ilə fəaliyyət göstərə bilmir. Sevastopolda yaşayan sakinlərdən biri bir neçə gündür elektrik olmadığını, mağazaların əksəriyyətinin fəaliyyətini dayandırdığını və ictimai nəqliyyatın məhdud işlədiyini bildirib.
Mövcud vəziyyət ən çox turizm sektoruna zərbə vurub. Rusiya Turoperatorları Assosiasiyasının məlumatına görə, yayın ilk həftələrində Krıma turist rezervasiyalarının sayı iki dəfə azalıb. Yarımadaya gələn turistlər işlək yanacaqdoldurma məntəqələri tapmaqda çətinlik çəkir, bəziləri isə yanacağı qeyri-rəsmi bazardan yüksək qiymətə almağa məcbur olur.
Rusiya Prezidenti Vladimir Putin Krımın enerji infrastrukturunda problemlərin olduğunu təsdiqləyərək çatışmazlığın quru və dəniz yolu ilə tədarüklər hesabına aradan qaldırılacağını bildirib.
Ukrayna bu hücumlarla Rusiyanın Krım üzərindəki nəzarətini zəiflətməyə və Moskvanı danışıqlara sövq etməyə çalışır. Bununla yanaşı, analitiklər belə strategiyanın gərginliyin daha da artması riskini də daşıdığını vurğulayırlar.
Bizimyol.info






