Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misirdən Anadoluya lahid ənənəsi: Hataydakı son Roma dəfn adətlərinin gizli kodları - Video
Misirdən Anadoluya lahid ənənəsi: Hataydakı son Roma dəfn adətlərinin gizli kodları - Video

Lahid (sarkofaq) – Antik dövrdə meyitin daxilinə yerləşdirildiyi, gövdə və qapaqdan ibarət olan bir məzar növüdür. Qərb dillərindəki qarşılığı olan "sarcophagus" sözü yunan dilindəki "sarks" (ət) və "phagein" (yemək) sözlərindən törəmiş olub, "ət yeyən" mənasını verir. Antik dövr müəllifləri Teofrast və Böyük Pliniyə görə bu ad, Anadolunun Assos şəhərindən çıxarılan və daxilinə qoyulan bədəni sürətlə parçaladığına inanılan xüsusi bir əhəngdaşından qaynaqlanır. Zaman keçdikcə bu ad, materialından asılı olmayaraq bütün lahidlər üçün istifadə edilməyə başlanmışdır.

Lahid ənənəsinin kökləri Qədim Misirə qədər uzanır. Misirlilər ruhun ölümdən sonra da bədənə ehtiyac duyacağına inanmış və meyiti qoruyan lahdi müqəddəs bir obyekt kimi qəbul etmişdilər. Kritdə Minos sivilizasiyası eramızdan əvvəl II minillikdən etibarən bişmiş torpaqdan larnakslar (kiçik tabutlar) istehsal etmiş; Anadoluda isə eramızdan əvvəl VI əsrdə Klazomenai şəhərindən başlayaraq özünəməxsus bir lahid ənənəsi formalaşmışdır. Roma dövründə lahidlər fərdin ictimai statusunu, inanclarını və ölümsüzlük axtarışını əks etdirən monumental məzar tikililərinə çevrilmişdir.

Lahidlər mərmər, əhəngdaşı, bazalt və bişmiş torpaq kimi müxtəlif materiallardan hazırlanmışdır. Material seçimi bölgənin geoloji quruluşuna, dövrün iqtisadiyyatına və lahid sahibinin maddi imkanına görə müəyyən edilmişdir. Bişmiş torpaqdan olan lahidlər Anadoluda Hellenizm dövründən Son Antik dövrə qədər geniş şəkildə istifadə olunmuş; daşla müqayisədə daha əlçatan olması sayəsində geniş bir sosial təbəqəyə xitab etmişdir.

Hatay vilayətinin Arsuz rayonunun Kabev məhəlləsində, 6 fevral 2023-cü il zəlzələsindən sonra həyata keçirilən arxeoloji xilasetmə qazıntıları zamanı qayaya oyulmuş bir məzar otağı aşkar edilmişdir. Bu otaqda çox sayda bişmiş torpaq lahid gün üzünə çıxarılmış, onların tipoloji və texniki xüsusiyyətlərinə əsasən miladi IV və V əsrlərə aid olduğu müəyyən edilmişdir. Sərgidə yer alan və üzərində MANHXTYXHZ (Manistykhes) yazısı olan bişmiş torpaq lahid, bölgənin Son Roma dövrünə aid dəfn adətləri və sosiomədəni quruluşu haqqında dəyərli məlumatlar təqdim edir.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »