Ukrayna Silahlı Qüvvələri baş komandanı Aleksandr Sırskinin sözlərinə görə, Ukrayna cəbhədə FPV-dronlardan (First Person View) Rusiyadan təxminən iki dəfə çox istifadə edir.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Times" nəşrinin Ukrayna Müdafiə Nazirliyinin məlumatlarına əsaslanan məqaləsində qeyd olunur.
Avropa ABŞ-ı Ukraynanın müdafiə xərclərinin maliyyələşdirilməsində əvəz etdikdən sonra Kiyev pilotsuz uçuş aparatlarının həm istehsalını, həm də satınalmasını ciddi şəkildə artırıb. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, 2026-cı ilin birinci rübündə ölkə 2025-ci ilin bütün dövrü ilə müqayisədə 300 faiz daha çox orta məsafəli zərbə dronları əldə edib. İl sonunadək isə Ukraynada 7 milyon dron istehsal edilməsi planlaşdırılır, onların 65 faizdən çoxu FPV tipli taktiki zərbə dronları olacaq.
Nəticədə, Ukrayna ordusu Rusiyadan daha çox FPV-kamikadze dronlara malik ola bilər. Ukraynanın zərbə potensialının artımı hazırda Rusiyanı üstələyir.
Sırski də bildirib ki, Ukrayna qüvvələri gündəlik FPV-dron əməliyyatlarında rəqiblə müqayisədə təxminən iki dəfə çox missiya həyata keçirir. Onun sözlərinə görə, bu göstərici 1,7:1 ilə 2:1 aralığında dəyişir.
Baş komandan əlavə edib ki, Rusiya ordusundakı itkilərin böyük hissəsi məhz dron hücumları nəticəsində baş verir, baxmayaraq ki, bu nisbət hava şəraiti və döyüş vəziyyətindən asılı olaraq dəyişir.
Ekspertlər bildirir ki, dronların geniş istifadəsi müharibənin gedişatını dəyişib və hər iki tərəfi iri miqyaslı hücumlardan demək olar ki, imtina etməyə məcbur edib. Xüsusilə yaxşı hava şəraitində cəbhə xəttindən 40 kilometr radiusda istənilən qoşun yığılması kəşfiyyat dronları tərəfindən tez aşkar olunur və dərhal vurulur.
“Bu vəziyyət zirehli texnikanın istifadəsini də çətinləşdirir. Tank və digər texnika cəbhəyə çatmadan məhv edilə bilər”, - deyə bildirib. O əlavə edib ki, bu səbəbdən hər iki tərəf çox vaxt Birinci Dünya Müharibəsində olduğu kimi piyada şəkildə hücum etməyə məcbur qalır.
Sırskinin məlumatına görə Ukrayna ərazisində 721 mindən çox Rusiya hərbçisi yerləşdirilib. O, bunu Rusiyanın artilleriya və ballistik raket ehtiyatları ilə birlikdə əsas üstünlüklərindən biri kimi qiymətləndirir.
Baş komandan hesab edir ki, Ukraynanın əsas məqsədi Rusiya hərbi imkanlarının pik həddə çatıb sonra zəifləməyə başladığı mərhələyə qədər müqaviməti davam etdirməkdir. Onun fikrincə, bu mərhələ hələ başlamayıb. Buna görə də Ukrayna hazırda əraziləri qorumağa, düşmənə ağır itkilər verdirməyə, Rusiya logistikasını pozmağa və iqtisadiyyatı zəiflətməyə yönəlmiş strategiya aparır.
Bizimyol.info






