I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 6 nəfər ən yüksək bal toplayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bu il iyunun 7-də keçirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər göstərib.
Onlardan biri Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızıdır.
Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.
- Gündə orta hesabla neçə saat dərs oxuyurdun? Gələcəkdə hansı ixtisası seçmək istəyirsən?
- Bu nəticəyə çatmağında ən böyük dəstək kimdən gəlib?
Təəssüratlarını bizimlə bölüşən Məcidli Burlaxatun Bəhruz qızı Bizimyol.info xəbər portalına bildirib ki, həm xalasının, həm müəllimlərinin üzərində əməyi çox olub: “Demək olar ki, gecəmi gündüzümə qatmışdım. Xalamla birgə, nə vaxt əlavə vaxtımız olurdusa, hazırlıqlardan sonra evdə də çalışırdıq. Yuxusuz gecələrimiz çox olub.
Gələcəkdə memar olmaq istəyirəm”.
Burlaxatun Məcidli deyib: “Uğurlarımda valideynlərimin, müəllimlərimin, eyni zamanda məni 4-cü sinifdən hazırlayan xalamın Nailə müəllimin böyük əməyi var. Mingəçevirdə tanınmış riyaziyyat müəllimi olan Nailə müəllim mənə 9-cu sinfə qədər riyaziyyat fənnini öyrədib. Eyni zamanda digər müəllimlərim də mənə dəstək olub, məni öyrədiblər.
Həm xalamın, həm valideynlərimin, həm də müəllimlərimin üzərimdə böyük əziyyətləri var. Maddi və mənəvi cəhətdən xalamın əziyyəti xüsusilə danılmazdır. Lakin səhhəti ilə bağlı olaraq xalam 9-cu sinifdən sonra uşaq hazırlıqlarını dayandırdı. 10 və 11-ci siniflərdə başqa riyaziyyat müəllimi Gülzar müəllimin yanına getdim. Kimya fənnini Gülnar müəllimdən, fizika fənnini İlahə müəllimdən, Azərbaycan dilini Yaşar müəllimdən, ingilis dilini isə Kəmalə müəllimdən öyrəndim”.
“Hər birinə minnətdaram. Onların dəstəyi və özümün əzmlə çalışmam nəticəsində bu səviyyəyə gəlib çatdım. Çox sevinirəm. Çox şükür”, - deyə Burlaxatun bildirib.
Günel Həsənova, Bizimyol.info






