Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hatay Valisi Mustafa Masatlı: "Azərbaycanlı investorları və turistləri qədim sivilizasiyaların beşiyi olan Hataya dəvət edirik" - Video
Hatay Valisi Mustafa Masatlı: "Azərbaycanlı investorları və turistləri qədim sivilizasiyaların beşiyi olan Hataya dəvət edirik" - Video

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və strateji müttəfiqlik əlaqələri hər keçən gün yeni bir müstəviyə daşınır. Bu kontekstdə iki ölkənin regionları arasındakı birbaşa dialoq, mədəni və iqtisadi inteqrasiyanın sürətlənməsində mühüm rol oynayır. Zəngin tarixi, sənaye potensialı və geosiyasi mövqeyi ilə Türkiyənin ən strateji bölgələrindən biri olan Hatay, indi də azərbaycanlı investorlar və turistlər üçün yeni imkanlar pəncərəsi açır. Hatay Valisi Mustafa Masatlı ilə reallaşdırdığımız eksklüziv müsahibədə, şəhərin türk dünyası ilə bağlarından tutmuş, azərbaycanlı iş adamları üçün təqdim etdiyi böyük iqtisadi potensiala qədər bir çox mühüm məqama toxunduq.

– Cənab Vali, Azərbaycanlı turistlərə və ümumilikdə, Azərbaycan cəmiyyətinə Hatay barədə nə demək istərdiniz?

– Hatayın mədəni, iqtisadi və ticari əlaqələr baxımından ilk seçimlərindən biri qardaş Azərbaycan və türk dövlətləridir. Biz Azərbaycan şəhərləri ilə mədəniyyət, turizm, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığa tamamilə hazırıq və bu istiqamətdə aktiv şəkildə çalışırıq. Türk dünyası ilə əlaqələrimiz hər keçən gün daha da intensivləşir; məsələn, son günlər Özbəkistandan olan yüksək səviyyəli nümayəndə heyəti də şəhərimizdə qonaq oldu və bu mövzular ətrafında geniş müzakirələr apardıq. İnanıram ki, atılan bu addımların yaxın gələcəkdə çox müsbət və real nəticələrini birlikdə görəcəyik.

– Bəs iqtisadi müstəvidə imkanlar nələrdir? Azərbaycanlı iş adamları və investorlar Hatayda konkret olaraq hansı sahələrdə iş görə bilərlər?

– Hatay çox qədim və zəngin tarixə malik bir şəhərdir. Burada müxtəlif sivilizasiyaların izləri bu gün də yaşayır və bu, şəhərimizə unikal bir xarakter qazandırır. Bununla yanaşı, Hatay sadəcə tarixi mərkəz deyil, həm də Türkiyənin mühüm iqtisadi mərkəzlərindən biridir. Bizim kənd təsərrüfatı, turizm, dəmir-polad sənayesi, filtr və maşın istehsalı sahələrində nəhəng potensialımız mövcuddur. Eyni zamanda, sahil bölgəmizdə Türkiyənin ən əhəmiyyətli və strateji limanları yerləşir ki, bu da logistika baxımından böyük üstünlükdür. Bu səbəbdən, azərbaycanlı investorları və turistləri Hataya xüsusi olaraq dəvət edirik. Xüsusilə, Arsuz və Samandağ bölgələri turizm investisiyaları və istirahət baxımından unikal, diqqətəlayiq məkanlardır. Qardaşlarımızı burada görməkdən və birgə layihələrə imza atmaqdan məmnunluq duyarıq.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »