ABŞ Konqresində keçirilən beynəlxalq konfransda Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnun təmin edilməsinin vacibliyi vurğulanıb. İştirakçılar beynəlxalq hüququn norma və prinsiplərinin ayrı-seçkilik və selektiv yanaşma olmadan tətbiq edilməsinə çağırıblar. Müraciətdə ABŞ Konqresindən bu məsələyə diqqət ayırmaq və beynəlxalq dəstəyin gücləndirilməsinə töhfə vermək xahiş olunub.
- Beynəlxalq təşkilatlar insan hüquqları məsələlərində həqiqətən vahid standartlarla çıxış edirlər, yoxsa siyasi maraqlar bəzən hüquqi prinsipləri kölgədə qoyur?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları Konqresində keçirilən beynəlxalq konfransda Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnun vacibliyinin vurğulanması Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsi baxımından mühüm addımlardan biri hesab olunmalıdır.
Deputatın fikrincə, bu məsələnin ABŞ Konqresində səsləndirilməsi iki mühüm məqamı bir daha ortaya qoyur. Birincisi, Qərbi Azərbaycana qayıdış Ermənistana qarşı ərazi iddiası deyil və heç bir siyasi məqsəd daşımır. İkincisi isə, bu konsepsiya beynəlxalq hüquqa zidd deyil. Onun sözlərinə görə, əgər bu nüanslardan hər hansı biri mövcud olsaydı, belə bir məsələ ABŞ Konqresində keçirilən beynəlxalq konfransda müzakirə mövzusu ola bilməzdi.
“Bu baxımdan həmin mövqeni həm beynəlxalq ictimaiyyətin, həm də Amerikanın yanaşması kimi yüksək qiymətləndirmək olar. Bu, əslində ABŞ Konqresinin Qərbi Azərbaycana qayıdış ideyasına dəstəyinin ifadəsi kimi də qəbul edilə bilər. Eyni zamanda, Ermənistanda bu prosesi hansısa faciə kimi təqdim etməyə çalışanlara da cavabdır. Burada heç bir faciədən söhbət getmir. Əksinə, azərbaycanlıların tarixi torpaqlarına qayıdaraq Ermənistan vətəndaşı kimi təhlükəsiz və inklüziv şəraitdə yaşamaları Ermənistan iqtisadiyyatının dirçəlməsinə, Azərbaycan-Ermənistan münasibətlərində dayanıqlı sülhün formalaşmasına xidmət edə bilər”, – deyə deputat vurğulayıb.
Hikmət Babaoğlu qeyd edib ki, bu proses kommunikasiyaların açılmasına, xalqlar arasında etibarlı körpülərin qurulmasına, eyni zamanda tarixi ədalətin və beynəlxalq hüququn təmin olunmasına töhfə verə bilər.
Deputatın sözlərinə görə, ABŞ Konqresinin bu məsələyə diqqət ayırması olduqca əhəmiyyətli hadisədir. O bildirib ki, Qərbi azərbaycanlılar bu istiqamətdə digər beynəlxalq qurumların və insan hüquqları təşkilatlarının da dəstəyini gözləyirlər.
“Düşünürəm ki, bu cür dinləmələr Ermənistan cəmiyyətində də rahatlıq yaratmalıdır. Çünki burada başqa məqsədlərdən, Ermənistana qarşı ərazi iddialarından söhbət getmir. Məsələ xalqların ədalət, hüquq və sülh şəraitində birgə yaşamasının təmin olunmasıdır”, – deyə deputat əlavə edib.
İradə Cəlil, Bizimyol.info






